BMW şirkəti kamuflyajda olan yeni X5 modelinin ilk rəsmi görüntülərini ötən payızda paylaşıb, indi isə, kamuflyaj örtüyündə olan krossoverin yeni şəkillərini dərc edərək, onun bəzi texniki xüsusiyyətlərini açıqlayıb. Beləliklə, yeni modelin iX5 adlanan elektrik versiyasının markanın elektromobilləri arasında ən böyük tutumlu dartma batareyası ilə təchiz ediləcəyi məlum olub.
Ən yeni Neue Klasse elektrik platformasına əsaslanan BMW iX3 və i3 modellərindən fərqli olaraq, gələcək BMW X5 və BMW iX5 krossoverləri yenilənmiş CLAR platformasında inşa ediləcəklər. Bununla belə, yeni X5 krossoveri yuxarıda adı çəkilən modellərin üslubunda eskteryer dizaynını da alacaq. Təkərlərin diametri 23 düymədək olacaq.
İnteryerin şəkilləri hələlik təqdim edilməyib, lakin dərc edilmiş bir sıra rəsmi videoçarxlarda göründüyü kimi, X5/iX5 də dördqollu sükan çarxına, iDrive panoram displeyinə və mərkəzi taçskrinə malik olacaq.
Bundan başqa, yenilik qabaqcıl avtomatik parklanma sistemi, elektrik ötürməli qapılar (bu günlərdə debüt etmiş Audi Q7 modelindəki kimi) və bir sıra qabaqcıl sistemləri alacaq. Belə interyer konsepsiyasından ilk dəfə yeni iX3 modelində istifadə olunub, daha sonra i3 və yenilənmiş 7 Series sedanlarında tətbiq edilib. Gələcəkdə belə dizayndan restaylinq keçəcək 5 Series modellərində də istifadə olunacaq.
Yenilənmiş CLAR platforması daxili yanma mühərriki, qoşulan hibrid, sırf elektrik güc qurğuları və hətta hidrogen yanacaq elementləri ilə təchiz edilmiş modellərin hazırlanmasına imkan verir. Buna görə də BMW X5 müxtəlif növ güc aqreqatları ilə təklif olunacaq.
BMW X5 40 xDrive versiyasında quraşdırılan 3,0-litrlik altısilindrli benzin turbomühərrikinin gücü hazırkı 380 at qüvvəsindən 400 at qüvvəsinə qədər artırılacaq. X5 50e xDrive qoşulan hibrid versiyası isə, əvvəlki kimi 490 at qüvvəsi hasil edəcək.
İstehsalçı əsas diqqəti ikimühərrikli BMW iX5 60 xDrive elektrik krossoverinə yönəldib. Bu versiyanın gücü 578 at qüvvəsi təşkil edəcək. Köhnə platformadan istifadə olunmasına baxmayaraq, iX5 Neue Klasse platformalı modellərdən ən yeni texnologiyaları miras olaraq alacaq.
Söhbət altıncı nəsil eDrive sistemi, 800 voltluq elektrik arxitekturası və silindrik batareya elementlərindən gedir. Bundan əlavə, 400 kilovat gücündə sürətli şarj dəstəyi də nəzərdə tutulub.
Lakin modelin başlıca xüsusiyyəti batareyanın tutumu olacaq. Avropa bazarı üçün bu göstərici 141 kilovat/saat, Şimali Amerika bazarı üçün isə, 144 kilovat/saat təşkil edəcək. Bu, BMW elektromobillərinin tarixindəki rekord göstəricidir və hətta 113 kilovat/saatlıq batareyaya malik olan Porsche Cayenne Electric modelindən xeyli üstündür. Gələcəkdə daha kiçik tutumlu batareya ilə təchiz ediləcək versiyanın da təqdim olunacağı gözlənilir.
Hələlik yürüş ehtiyatı barədə dəqiq məlumat açıqlanmayıb, lakin göstəricilərin kifayət qədər sanballı olacağı gözlənilir. Müqayisə üçün qeyd edək ki, daha yüngül və yığcam BMW iX3 modeli WLTP standartına əsasən dolu batareya ilə 805 kilometr məsafə qət edə bilir.
Bundan əlavə, markanın tarixində ilk dəfə hidrogen yanacaq elementləri olan modelin istehsala gedəcəyi da təsdiqlənib. BMW iX5 Hydrogen modeli daha səmərəli quruluş və hidrogen avtomobilini digər versiyalarla eyni konveyerdə yığılmasına imkan verən yeni yastı yanacaq çənləri ilə təchiz ediləcək.
Nəhayət, X5 ailəsinə digər benzin və dizel modifikasiyaları da daxil olacaq, lakin onlar haqqında ətraflı məlumat hələlik açıqlanmayıb.
Ön asqıda əvvəlki kimi ikiqat köndələn qollardan istifadə ediləcək. Əlavə olaraq adaptiv pnevmatik asqı, tam idarələnən şassi və kuzovun yana əyilmələrinin qarşısını alan sistem də təklif ediləcək.
Yeni BMW X5 və iX5 modellərinin premyerası bu il baş tutmalıdır. BMW iX5 Hydrogen modelinin isə, 2028-ci ildə debüt etməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









