Bir neçə gün bundan əvvəl, BMW şirkətinin Vyanada keçirilən simpoziumda yeni dizel mühərrikini təqdim etdiyini xəbər vermişdik. Bu gün, alman istehsalçısı yeni mühərrikini quraşdırıldığı 750d xDrive və 750Ld xDrive bayraqdar sedanlarını rəsmi olaraq təqdim etmişdir. Bavariya istehsalçısının verdiyi məlumata görə, modellərin kapotunun altında yerləşən 3,0-litrlik altı silindirli TwinPower Turbo mühərrikinin gücü 394 at qüvvəsinə, fırlanma anı isə 760 Nyuton-metrə bərabərdir. Bu güc aqreqatı səkkiz diapazonlu Steptronic sürətlər qutusu və tam ötürməli çəkiş sistemi ilə birgə çalışır.
Bu tandemin köməkliyi ilə, BMW 750d xDrive bayraqdar sedanı 100 km/saat həddinə 4,6 saniyəyə sürətlənir. Bu modelin maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılmışdır. Avtomobilin uzun bazalı variantı olan BMW 750Ld xDrive modifikasiyası 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir və bu variantın da maksimalk sürəti 250 km/saat həddində məhdudlaşdırılmışdır.
Qeyd etmək qazımdır ki, mühərrik faktiki olaraq daha yüksək fırlanma anına malikdir. Bununla belə, istehsalçı fırlanma anını yuxarıda qeyd edilən səviyyəsində məhdudlaşdırılmışdır ki, bunun da başlıca səbəbi səkkiz pilləli ZF avtomatik sürətlər qutusunun məhdudiyyətli imkanlarıdır.
Eyni zamanda, yeni dizel mühərrikin çəkisi sələfinə nisbətən dəşilməz qalmışdır. Dəyişikliklər sayəsində mühərrik 11 faiz daha qənaətcil olmuşdur. Mühərrikin ətraf mühitə atdığı zərərli tullantıların səviyyəsi bir kilometrə 149-151 qram arasındadır.