Bu günlərdə casuslar BMW şirkətinin yeni flaqmanı olacaq X8 krossoverinin Nürburqringdə sınaqları keçirilən prototipinin şəklini çəkməyə müvəffəq olublar. Şəkillərdən göründüyü kimi, sınaqlarda yeni modelin hibrid modifikasiyası iştirak edir.
Sınaqdan keçirilən krossoverin təkrar doldurulan hibrid olduğuna ön qapılar və arxa bamperdəki stikerlər, habelə sol ön qanadda quraşdırılmış əlavə qapaq dəlalət edir. Üstəlik, bir sıra jurnalistlər Nurburqrinqdə X8 M modelinin sınaqdan keçirildiyini iddia edirlər.
Prototipin kuzovu kamuflyaj örtüyünün altında gizlənir, lakin Avropa jurnalistləri krossoverin dizaynın seriyaya yaxın olduğunu iddia edirlər. Onlar, BMW 8 Series modelinin tərzində aşağıda yerləşdirilmiş ön fənərlərə diqqət yetiriblər - böyük ehtimalla, ön işıq texnikası ikimərtəbəlidir, lakin prototipdə fənərlərn üst bloku tamamilə kamuflyaj altında gizlənir.
Həmçinin düz dam xəttinə malik olan silueti də qeyd etmək gərəkdir.
X8 modelinin üçüncü oturacaq cərgəsinə sahib olub-olmadığı və ya onun standart beş nəfərlik (və ya iki “kapitan” kreslosu olan dörd nəfərlik konfiqurasiyada) salonla təklif ediləcəyi barədə məlumat yoxdur.
Güc qurğusuna gəldikdə isə, X8 M modelinin tərkibinə 4,4-litrlik V8 mühərriki və elektromotor daxil olan 750 at qüvvəli hibrid qurğu ilə təchiz ediləcəyi söylənilir. Əgər şayiələr doğrudursa, X8 M modeli BMW markasının tarixindəki ən güclü seriya avtomobili olacaqdır.
İnsayderlərin bildirdiyinə görə, BMW X8 modelinin təqdimatı 2021-ci ildə baş tutmalıdır. 750 at qüvvəli BMW X8 M hibridi isə bir il sonra bazara çıxarılacaqdır.