BMW markasının pərəstişkarları yenilənmiş 5 Series sedanının aprel ayında dərc etdilmiş rəsmi şəkillərini artıq görüblər. Münhen istehsalçısı isə, sanki heç nə olmamış kimi, yenilənmiş modelin tizerini dərc edərək, reklam kampaniyasına başladığını bəyan edib.
Böyük ehtimalla, qaranlıq tizerdəki avtomobil elə aprel ayında şəkilləri yayılan BMW 530e sedanıdır. Buna tizerdəki avtomobilin boyandığı mavi rəng işarə edir. Eyni zamanda, alman istehsalçısı 5 Series ailəsindən olan yenilənmiş sedan və universalların elektrikləşdiriləcəyi barədə məlumatla paylaşıb.
Bu səbəbdən də, iki həftə sonra üzərindən örtük götürüləcək avtomobilin qoşulan hibrid qurğusuna və M Sport tərtibat dəstinə malik olacağında şübhə etməmək olar. Bundan başqa, BMW Blog nəşri yenilənmiş modelin rəng palitrasına boz Bernina Grey Amber Effect, mavi Phytonic Blue Metallic və qırmızı Aventurin Red Metallic rənglərinin daxil ediləcəyini iddia edir.
Yenilənmiş BMW 5 Series modelinin texniki hissəsi barədə ətraflı məlumat verilməyib. Böyük ehtimalla, BMW 530e modeli daha səmərəli elektrik mühərriki ilə təchiz ediləcək və hibrid qurğunun hasilatı indiki 252 at qüvvəsi və 420 Nm fırlanma anından çox olacaqdır. Bundan əlavə, yenilənmiş modelin ümumi hasilatı 400 at qüvvəsi təşkil edən 545e modifikasiyasını da əldə edəcəyi söylənilir. Yeni hibrid dörd turbokompressorlu dizel mühərriki ilə təchiz edilən M550d modelini əvəz edəcəkdir.
Yenilənmiş BMW 5 Series modelinin may ayının sonunda debüt edəcəyi gözlənilir. Avropada yenilənmiş model cari ilin dördüncü rübündə satışa çıxarılacaqdır.