Zavoddaxili G70 koduna malik olan BMW 7 Series nümayəndəlik sedanı 2022-ci ildə bazara çıxıb. O, qabaqcıl təchizatı və modelin tarixində ilk dəfə olaraq tam elektrik versiyasında təklif edilsə də, yeni auditoriyanı cəlb etmək üçün nəzərdə tutulmuş olduqca mübahisəli dizaynı ilə yadda qalıb.
Bu yanaşma qismən uğurlu olub: məsələn, ABŞ-da 7 Series modelinin satışları ikiqat artaraq ildə 10 – 11 min avtomobilə çatıb. Bavariyalılar bu uğuru davam etdirmək istəyirlər və geniş ictimaiyyətə modelin yenilənmiş versiyasını göstəriblər. O, yüngülcə işlənmiş eksteryerə, tamamilə yeni interyerə və yenidən nəzərdə keçirilmiş təchizata malikdir.
Restaylinqlə 7 Series mübahisəli "dördgözlü" dayaqdan imtina etməyib, lakin onun elementlərinin formasına və tərkibinə yenidən baxılıb. Sedanın birləşdirilmiş firma “böyrəkləri” daha böyük və daha bucaqlı olublar, lakin LED çərçivəni qoruyub saxlayıblar.
Gündüz hərəkət işıqlarının seqmentləri barmaqlıqla birləşdirilib, ön bamperdə gizlədilmiş əsas faraların blokları isə, əksinə barmaqlıqdan uzaqlaşdırılıb və şaquli istiqamətləndirməyə malik olublar.
Sedanın arxa işıqları da uzadılaraq yeni Neue Klasse korporativ dizayn üslubuna uyğunlaşdırılıblar. Arxa bamperin tərtibatı dəyişdirilib, təkər disklərinin dizaynı yenidən işlənilib, təchizat səviyyəsindən asılı olaraq, onların diametri 20 - 22 düym arasında dəyişə bilər.
Əvvəlki kimi, model M Sport və M Sport Pro kuzov dəstləri ilə əlçatandır, üstəlik, iki rəngli BMW Individual Dual-Finish boyama sxemi də təklif olunur. Avtomobilin ölçüləri demək olar ki, dəyişməyib: sedanın uzunluğu 5395 millimetr, eni - 1950 millimetr, hündürlüyü - 1550 millimetr, təkər bazası isə, 3215 millimetrdir.
Yenilənmiş 7 Series tamamilə yeni interyeri əldə edib: restaylinqdən əvvəlki modelin iki ekranlı ön paneli Neue Klasse xəttindəki bütün BMW avtomobilləri üçün ümumi olan BMW Panoramic iDrive sistemi ilə əvəz edilib.
Buraya “kvadrat” dördqollu sükan çarxı, ön şüşənin altındakı cihazlar panelinin Panoramic Vision rəqəmsal displeyi və əyri 17,9 düymlük sensorlu ekranı olan məlumat-əyləncə sisteminin daxildir.
Mediasistem özü Amazon Alexa+ süni intellektinə əsaslanan səs köməkçisi olan BMW şirkətinin OS X əməliyyat sistemi ilə işləyir. Bundan başqa, flaqman modeli olaraq,
7 Series ön sərnişin üçün nəzərdə tutulmuş əlavə 14,6 düymlük əyləncə ekranı ilə təchiz edilir. O, dəri ilə tərtibat, dörd zonalı iqlimə nəzarət sistemi, 18 dinamikli Bowers & Wilkins audio sistemi və panoram dam ilə birlikdə flaqmanın standart təchizatına daxil edilib.
Yenilənmiş 7 Series sedanının salonunda arxa sərnişinlər üçün nəzərdə tutulmuş opsional 31,3-düymlük BMW Theatre Screen ekranı da qalır. O, əvvəlki kimi 8K icazəsinə malikdir, üstəlik, indi sensorludur.
Bu ekrandan video konfranslar keçirmək, film izləmək, oyun oynamaq, noutbukun interfeysini əks etdirmək və daha qabaqcıl 36 dinamikli Bowers & Wilkins audio sistemini idarə etmək üçün istifadə oluna bilər. Əlavə ödəniş müqabilində, arxa sərnişinlər üçün dəbdəbəli Executive Lounge oturacaqlarını da sifariş etmək mümkündür.
BMW mühəndisləri yenilənmiş 7 Series modelinin elektronikasını modernləşdirmək üçün genişmiqyaslı iş aparıblar. Sedana Neue Klasse avtomobillərinin yeni yüksək məhsuldarlıqlı elektron arxitekturasını inteqrasiya ediblər.
Bu, 7 Series sedanının elektron yardımçı sistemləri kompleksinə müsbət təsir göstərib. İndi o, BMW Symbiotic Drive adlanır və SAE təsnifatı üzrə 2-ci səviyyəli avtopilotun fəaliyyəti üçün bütün zəruri sistemləri özündə birləşdirir.
Qeyd etmək lazımdır ki, feysliftdən əvvəl sedan 3-cü səviyyəli avtopilot ilə təchiz olunurdu, lakin bavariyalılar qanuni məhdudiyyətlər və yüksək qiymət səbəbindən bu sistemdən imtina etmək qərarına gəliblər. Buna baxmayaraq, yeniləmə zamanı model təkmilləşdirilmiş avtomatik parkinq sistemini də alıb.
Yenilənmiş sedan əvvəlki kimi CLAR platformasına əsaslanır. Artıq baza təchizatına dörd elektron idarə olunan amortizatoru olan adaptiv pnevmatik asqı daxildir. İnteqrasiya olunmuş aktiv sükan idarəetməsi olan Adaptive Cjassis Control sistemi və yana əyilmələrin boğulmassı funksiyası olan Adaptive Chassis Control Proffesional sistemi əlavə ödəniş qarşılığında əlçatandır.
Nümayəndəlik sedanının şassisi həmçinin M Sport və M Sport Pro idman paketləri ilə tamamlamaq mümkündür. Yenilənmiş bayraqdar sedan həmçinin süni intellektə əsaslanan təkərlərin monitorinqi sistemi ilə də təchiz olunur.
Yenilənmə G70 seriyasının güc aqreqatlarının müxtəlifliyini qoruyub saxlayıb. Sedan yanacaqlı, hibrid və tam elektrik versiyalarında mövcuddur. İlk zamanlarda, ənənəvi BMW avtomobillərinin həvəskarları dörd təchizat səviyyəsindən seçim edə biləcəklər – onların hamısı 48 voltluq startyor-generator və səkkiz pilləli Steptronic avtomatik transmissiya ilə təchiz olunurlar.
Baza modeli 3,0-litrlik “turboaltılıq” (286 at qüvvəsi, 425 Nm) hərəkətə gələn BMW 735 versiyasıdır. O, 100 km/saat həddini 6,9 saniyəyə toplayır. Növbəti versiya isə, 3,0-litrlik altısilindrli dizel mühərrikilə (313 at qüvvəsi, 670 Nm) təchiz edilmiş 740d xDrive modifikasiyasıdır. O, 100 km/saat həddinə 5,1 saniyəyə sürətlənir.
Ən yüksək səviyyəli yanacaqlı versiyalar hazırda BMW 740 və BMW 740 xDrive sedanlarıdır. Onlar eyni 3,0-litrlik mühərriklə (400 at qüvvəsi və 580 Nm) təchiz olunurlar, lakin fərqli dinamikaya malikdirlər. Arxa ötürməli versiya 100 km/saat həddinə 5,4 saniyəyə, tam ötürməli versiya isə, 5,1 saniyəyə sürətlənir. Bütün yanacaqlı versiyalarının maksimal sürəti 250 km/saatdır.
Bir müddət sonra BMW yenilənmiş flaqman sedanının V8 mühərriki ilə təchiz olunmuş ən güclü M Performance versiyasını təqdim edəcəyinə söz verib. Onun hazırkı flaqmanı - 4,4-litrlik V8 biturbo (544 at qüvvəsi, 750 Nm) və startyor-generatorla təchiz olunan BMW 760i xDrive sedanını əvəz edəcəyi gözlənilir.
Yenilənmiş modelin iki plagin hibrid versiyası bəyan edilib. Baza modeli, 3,0-litrlik altısilindrli aqreqat və 197 at qüvvasi və 280 Nm hasil edən elektrik mühərriki, Steptronic avtomatik transmissiyası və 22,1 kilovat/saatlıq batareya ilə təchiz olunmuş BMW 750e xDrive sedanıdır.
Güc qurğusunun ümumi hasilatı 489 at qüvvəsi və 700 Nm təşkil edir. 100 km/saat həddinə sürətlənmə 4,8 saniyə çəkir, maksimal sürət isə, 250 km/saatdır. Sırf elektrik dartması ilə, sedan 82 kilometr məsafə qət edə bilər.
İkinci versiya olan BMW M760e xDrive oxşar güc aqreqatına malikdir, lakin onun güc qurğusu 612 at qüvvəsi və 800 Nm hasil edir. 100 km/saat həddinə sürətlənmə 4,2 saniyə çəkir, sırf elektrik dartması ilə 80 kilometr məsafə qət etmək mümkündür.
Nəhayət, yenilənmiş BMW i7 üç variantda mövcud olacaq. Elektrik arxitekturası 400 voltluq olaraq qalır, lakin model silindrik elementləri olan və 112,5 kilovat/saatlıq (əvvəllər 101,7 kilovat/saat) yeni altıncı nəsil litium-ion batareyasına malikdir.
BMW i7 50 xDrive baza versiyası ümumi hasilatı 455 at qüvvəsi və 660 Nm hasil edən iki elektrik mühərriki ilə təchiz olunub və 100 km/saat həddinə 5,5 saniyəyə sürətlənir, maksimal sürəti isə, 210 km/saatdır. WLTP dövrünə əsasən, gediş ehtiyatı 728 kilometr təşkil edir.
BMW i7 60 xDrive 544 at qüvvəsi və 545 Nm-ə malikdir, 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənir və 727 kilometrə qədər məsafə qət edir. Ən yüksək səviyyəli BMW i7 M70 xDrive sedanının güc qurğusu 680 at qüvvəsi və 1100 Nm hasil edir, 0-dan 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir, maksimal sürət isə, 250 km/saat həddinə məhdudlaşdırılıb. Top sedanın gediş ehtiyatı 650 kilometrə çatır.
Yenilənmiş bayraqdar sedan Dinqolfigendəki (Almaniya) zavodda istehsal olunacaq. Yeni modelin satışlarına bu ilin iyul ayında başlanmalıdır, lakin qiymətlər artıq açıqlanıb. Məsələn, Avropada BMW 740 baza sedanının qiyməti 117.900 avrodan, ən yüksək səviyyəli i7 M70 xDrive modelinin isə, 182.400 avrodan başlayacaq.
Məlum məsələdir ki, bu hədd deyil: əlavə yüz min avro qarşılığında, sedanı zavodda quraşdırılan Protection zireh paketi ilə təchiz etmək olar. Bu paketə gücləndirilmiş asqı və əyləclər, gülləkeçirməz şüşə, habelə kuzovun polad və kompozitlərdən hazırlanmış çoxqatlı zirehi də daxildir.
Müdafiə paketi VR9 sertifikatına malikdir, yəni sərnişinləri 7.62x51 millimetrlik patronu olan tüfəngdən atılan zirehdələn güllələrdən qoruya bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









