Yığcam BMW Z rodsterlərinin müasir tarixi 1989-cu ildə, 3 Series (E30) modelinə əsaslanan Z1 modelinin təqdimatı ilə başlayıb. Lakin bu idman avtomobili 8000 ədədlə məhdudlaşdırılımış tirajla buraxılıb.

1995-2002-ci illərdə istehsal olunmuş BMW Z3 roadsteri dünya üzrə 297.000 ədəd satılaraq sözün əsl mənasında kütləvi rodsterə çevrilib. 2002-ci ildə onu 180.500 nüsxədə satılmış birinci nəsil BMW Z4 modeli əvəz edib, 2009-cu ildə isə, birici nəsillə müqayisədə o qədər populyar olmayan ikinci nəsil (180.500 ədəd) buraxılıb.

Hazırkı üçüncü nəsil BMW Z4 rodsteri artıq yeddi ildir ki, buraxılır. Onun əsas xüsusiyyəti yaxın qohumunun - canlandırılmış Toyota GR Supra kupesinin peyda olmasıdır. Hər iki model hətta Avstriyadakı Magna Steyr zavodunda, eyni konveyerdə istehsal olunur.

Keçən il BMW şirkəti 2026-cı ilin əvvəlində Z4 rodsterinin istehsalını dayandıracağını açıqlayıb və modelin varisinin olmayacağını bildirib. Müvafiq olaraq, Toyota şirkəti də düz bir il əvvəl Supra kupesinin vida versiyasını nümayiş etdirib, lakin BMW Z4 rosdterinin analoji final versiyası yalnız indi təqdim edilib.

BMW Z4 Final Edition rodsterinin əsas xüsusiyyəti kuzovun eksklüziv Frozen Matt qara rəngidir. Bununla belə, müştərilər modelin standart palitrasından istənilən rəng seçə bilərlər. Bundan əlavə, Final Edition versiyası standart olaraq M High-gloss Shadowline qara rəngli dekor paketi ilə gəlir. Parlaq qırmızı əyləc mexanizmləri də standartdır.

Qırmızı vurğulardan avtomobilin salonunda da istifadə edilib. Qırmızı tikişləri sükan çarxı, ön panel, qapı kartları və oturacaqlarda görmək olar. İnteryer tərtibatında qara rəngli dəri və alkantaranın kombinasiyasından istifadə olunub. Qapı kandarlarında xüsusi nəşrin adı həkk olunmuş lövhələr quraşdırılıb.

BMW Z4 Final Edition versiyası üç variantda əlçatandır: dördsilindrli sDrive20i (197 at qüvvəsi, 320 Nm), sDrive30i (258 at qüvvəsi, 400 Nm), eləcə də altısilindrli M40i (340 at qüvəsi, 500 Nm) top versiyasında.

Giriş səviyyəli variantın təkmilləşdirilməsi 7400 avroya, digər ikisinin isə, 4200 avroya başa gələcək, çünki onlar standart olaraq mütləq M paketi ilə gəlirlər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bavariyalılar BMW Z4 Final Edition nəşrinin tirajını məhdudlaşdırmayıblar, onun əvəzinə öncədən sifarişlərin qəbulu müddəti məhdudlaşdırılıb: 2026-cı ilin yanvar ayının sonundan mart ayına qədər.

Modelin istehsalı ilkin plana uyğun olaraq, həmin zaman başa çatacaq. Gələcəkdə oxşar yığcam və sürücü yönümlü BMW rodsterinin buraxılıb-buraxılmayacağı hələlik məlum deyil.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.