Ödənişin məbləği 428 milyon dollardır və ABŞ-ın Southwest Airlines şirkətinə bir ildən artıqdır ki, uçmayan 737 MAX təyyarələrinə görə edilib. Dünyanın ən böyük lou-kost şirkətinin bundan sonra alacağı təzminatlar onsuz da pandemiyaya görə uçuşlar olmadığından azala bilər. Şirkətin rəhbəri Geri Kelli də bildirib ki, ədalət naminə demək lazımdır ki, bu təyyarələrə hazırda ehtiyacları yoxdur. Boeing-lə yaxşı münasibətlərinin olduğunu qeyd edən Kelli onların ən yaxşı müştərisi olduqlarını deyib.
Ödənilən məbləğ şirkətin 2019-cu ildə uçuşların gəlirindən itirdiyi 828 milyon dolların yarısından bir qədər çoxdur. Tərəflər arasındakı danışıqlarda bu ilin yanvar ayından bəri yaranan zərər hesablanmayıb, lakin Kelli müzakirələrin davam edəcəyinə inanır. Qeyd edək ki, 39 ədəd 737 MAX-ı olan şirkət bu təyyarədən keçən il daha 41 ədəd, bu il isə 38 ədəd təhvil almalı idi. Boeing keçən il üçün nəzərdə tutulan təyyarələrdən yalnız 29 ədədini istehsal etmiş, lakin təhvil verə bilməmişdi. Southwest Airlines-ın gələn il üçün təhvil almağı planlaşdırdığı MAX sayı isə 121 idi.