Bir neçə gün əvvəl Federal Aviasiya İdarəsinin (FAA) rəhbəri Stefen Dikson MAX-ların testləri və yenidən sertifikatlaşdırılması ilə bağlı heç bir yeniliyin olmadığını bildirsə də, test uçuşları artıq dünən start götürüb. Prosesə nəzarət də məhz elə FAA-dır. Testə cəlb edilən BOE701 qeydiyyat nömrəli 737 MAX şirkətin Siettldəki bazasından Vaşinqton yaxınlığındakı hava limanına uçub və geri qayıdıb.
Uçuş testləri bu gün və sabah da davam edəcək. Əgər hər hansı problem və ya gözlənilməz hadisə baş verməzsə, bu modelin yenidən sertifikatlaşdırılması məsələsinə baxıla bilər. Bu, MAX tipli təyyarələrin son 15 ayda ilk uçuşudur. Xatırladaq ki, 2018-ci ilin noyabrında və 2019-cu ilin martında baş verən 2 qəzada 346 nəfər ölmüşdü və bu qəzalara səbəb kimi təyyarədəki MCAS sisteminin düz işləməməsi göstərilmişdi.