Ardıcıl 2 ölümcü qəzaya görə uçuşlarına qadağa qoyulan 737 MAX modellərinə gələn kütləvi imtinalar azmış kimi, Boeing indi də çox ümid bəslədiyi 777X modelinə verilən bəzi sifarişlərin ləğvi ilə sarsılıb. Aviaşirkətlər pandemiyanın vurduğu iqtisadi zərbələrin təsirini azatlmaq üçün müxtəlif variantlara əl atır ki, sifarişlərin ləğv edilməsi və ya başqa sifarişlərlə əvəzlənməsi də bunların arasındadır.
Honq Konqun bayraqdar aviaşirkəti Cathay Pacific Boeing-lə apardığı müzakirələrdə 777X sifarişlərinin 787-10 ilə əvəzlənməsini istəyib. Xatırladaq ki, şirkət 2013-cü ilin sonunda bu təyyarədən 21 ədəd sifariş vermişdi. Təyyarələrin gələn ildən başlayaraq 2024-cü ilə qədər təhvil verilməsi planlaşdırılmışdı. İndiyə qədər 309 ədəd 777X sifarişi alan Boeing qarşılaşdığı problemlərlə əlaqədar hələ də heç bir təyyarəni təhvil verə bilməyib. Üstəlik, ilk uçuş da sadəcə bir neçə ay əvvəl - planlaşdırılandan xeyli gec baş tutub və test uçuşları hələ davam edəcək.
Aviauçuşlara olan tələbatın azalması və yenidən əvvəlki vəziyyətə qayıtmasına xeyli vaxtın tələb olunduğunu nəzərə alanda, Cathay Pacific-in 777X kimi böyük və uzun mənzilli təyyarələr barədə fikrinin mənfi yöndə dəyişməsi başa düşüləndir. Lakin onlar bu addımı atan ilk şirkət deyillər. 777X-ın ən böyük sifarişçisi olan Emirates də 150 olan sifariş sayını 115-ə endirmiş və əvəzində amerikalılardan 30 ədəd Dreamliner istəmişdi.
Aviasiyanın yaxın gələcəyi barədə bədbin düşüncədə olan Lufthansa-nın da 777X sifarişlərinin bir qisminin əvəzinə 2 ədəd 777 tipli karqo təyyarəsi istədiyi bildirilir. Almanlar hətta pandemiyanın təsiri bitdikdən sonra da uzun məsafəli uçuşların sayında ciddi azalmaların olacağını proqnozlaşdırırlar və belə görünür ki, onların planlarında böyük təyyarələrə yer yoxdur...