Bir ildir davam edən və şirkətə tarixinin ən pis günlərini yaşadan 737 MAX böhranı, ardınca da koronavirus pandemiyası. Boeing sektorun ən köhnə və təcrübəli aktyoru olmasına baxmayaraq, vəziyyəti gün keçdikcə daha da çətinləşir.
Problem bataqlığına düşən Boeing-in mart ayını uğursuzluq nümunəsi kimi göstərmək olar. Keçən ay şirkət daha əvvəl aldığı sifarişlərdən 313-nün ləğv edilməsi ilə sarsılıb ki, bunun da 150 ədədi elə məhz 737 MAX-ların payına düşür. Hava yolu şirkətlərinin pandemiya dövründə düşdükləri çətin vəziyyətdən çıxmaq üçün üz tutduqları yollardan biri də sifarişləri ləğv etməkdir.
Daha əvvəl də xəbər verdiyimiz kimi, imtinaların 150-si təyyarə kirayələmə şirkəti olan Avalon-dan gəlib, digər çoxsaylı ləğv qərarını isə Braziliyanın Gol şirkəti verib. Beləliklə, amerikalı şirkət ilin ilk rübünü cəmi 49 yeni sifarişlə bağlayıb. Bu dövr təyyarələri müştərilə təhvil vermək cəhətdən də çox uğursuz olub - cəmi 50 təyyarə sahiblərinə göndərilib. Bunların da 5-i 737, 10-u 767, 6-sı 777 və 29-u 787 tipli təyyarələrdir. Xatırladaq ki, şirkət keçən ilin analoji dövründə 149 təyyarə təhvil vermişdi.
Boeing-in 3 aylıq fəaliyyətini Airbusun pandemiyanın artıq bütün dünyaya yayıldığı mart ayı ilə müqayisə etdikdə görürük ki, fransızlar təkcə keçən ay ərzində 36 təyyarəni təhvil verə bilib. Yaranmış qlobal vəziyyətlə bağlı əvvəldən verilmiş 15 sifariş ləğv edilsə də, şirkətlər 21 yeni təyyarə üçün Airbus-a müraciət ediblər.