«Bonhams» hərrac evi, Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin 1992-ci ildə ilk podiumunu qazandığı zaman istifadə etdiyi Benetton B191B bolidini satışlara çıxarmışdır. Bolidin sükan çarxına alman pilotun avtoqrafı həkk edilmişdir. Hərrac evi avtomobili 220-280 min avro məbləğində qiymətləndirmişdir. Təqdim edilən avtomobil, 1991-ci ildə Formula 1 çempionatında iştirak etmiş Benetton B191 bolidinin təkmilləşdirilmiş variantıdır. «6» nömrəli şassiyə malik olan bolid 1991-ci ildə Macarıstan Qran Prisində debüt etmişdir.
O zaman avtomobili üçqat dünya çempionu braziliyalı Nelsaon Pike idarə edirdi. Bu boliddə braziliyalı karyerasında son yarış olan Avstraliya Qran Prisində də çıxış etmişdir. 1992-ci ildə bolid təkmilləşdirilmiş, əvvəlcə onu Martin Brandla, sonra isə 23 yaşlı Mixael Şumaxerə vermişdilər. Alman pilot Meksika Qran Prisində üçüncü yer tutmuş və növbəti Braziliya Qran Prisində bu uğuru təkrar etmişdir. Bundan sonra avtomobil yarışlarda iştirak etməmişdir.
Bolid 3,5-litrlik səkkiz silindirli Ford mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı dəqiqədə 13800 dövrə vurmaq imkanına malikdir. Mühərrikin gücü 730 at qüvvəsidir. Güc aqreqatı sükanaltı dəstəkləri olan sekvental sürətlər qutusu ilə deyil, mexaniki sürətlər qutusu ilə birgə çalışır.
Avtomobilin konstruktoru olan Con Barnardın dediyinə görə, Benetton B191B bolidi, onun yaratdığı «klassik» mexaniki sürətlər qutusu olan son bolididir. Hazırda bolid fərdi kolleksionerə məxsusdur və onun hərracda satışı 13 may tarixində Monte-Karloda baş tutmalıdır.