RM Sotheby's hərrac evi 1971-ci ilin Lamborghini Miura P400 S (şassi nömrəsi 4761) modelini hərraca çıxaracaqdır. Bertone atelyesi tərəfindən dizayn edilmiş Miura təkcə boyasız kuzovu ilə deyil, həm də qeyri-adi tarixi ilə də seçilir: superkar Kaliforniyadakı anbarda 40 il bağlı qalıb. Sotheby's hərrac evinin hesablamalarına görə, superkarın satışından 1,8-2,2 milyon dollar əldə etmək mümkündür.
Haqqında söhbət etdiyimiz Lamborghini Miura P400 S superkarı 50 il bundan əvvəl satın alınıb və bu müddətin 40 ilini hərəkətsiz keçirib. İtalyan superkarının ilk sahibi İrandan gəlmiş Kaliforniya Universitetinin 19 yaşlı tələbəsi olub.
İrana qarşı tətbiq edilən sanksiyalar səbəbindən qızın valideynləri ona pul köçürə bilməyiblər, buna görə də sadə sxemdən istifadə ediblər: ABŞ spesifikasiyasında olan Lamborghini Miura modelini sifariş edərək, avtomobilin çatdırılma pulunu da ödəyiblər.
Onlar qızlarına avtomobili dərhal sataraq, əldə edilən pulun hesabına yaşayışını təmin etməyi tapşırıblar. Ancaq tələbə qız superkarı satmamağa qərar verib və qəzaya düşənə qədər, təxminən iki il ərizndə ondan istifadə edib.
Qəza nəticəsində avtomobilə vurulan ziyan o qədər də ciddi olmayıb: yalnız sağ fənərin yerləşdiyi zona zədələnib. Lakin Miura modelinin ön fənərinin mürəkkəb quruluşu və qeyri-adi forması səbəbindən, yerli emalatxanalar təmir işlərinin öhdəsindən gələ bilməyiblər. Nəticədə, superkarı vəziyyət düzələnə qədər anbarda saxlamaq qərarına gəliblər.
Qırx ildən sonra superkar Lamborghini markasının pərəstişkarı tərəfindən satın alınıb və avtomobilin yeni sahibi onu təmir etmək üçün təcrübəli sənətkarlar komandasını yığıb. Mütəxəssislər avtomobilin bərpası üzərində 8 ay çalışıblar və sonunda superkarı boyadan tamamilə təmizləməyə, kuzovu isə cilalamağa qərar veriblər. Açıq boz rəngli zavod boyası hələ də qapıların bəzi yerlərində qalsa da, interyer tünd-göy dəri ilə tərtibatı tamamilə orijinaldır.
Uzun müddət anbarda hərəkətsiz saxlandığına görə, 50-illik avtomobilin yürüşü 26 min kilometrdən çox deyil. Lamborghini Miura P400S (Spinto) modeli 370 at qüvvəsi hasil edən 4,0-litrlik V12 mühərriki ilə hərəkətə gəlir.
İyun ayının əvvəlində, laym rəngli kuzova sahib olan digər bir nadir Miura P400 S superkarı hərraca çıxarılıb. Mükəmməl vəziyyətdə olan 1968-ci ilin kupesi 737.000 funt sterlinqə satılıb, halbuki satışdan 800.000 – 1.000.000 funt sterlinq arasında vəsaitin əldə edilməsi planlaşdırılırdı.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.