“Bloomberg” agentliyinin analitikləri 2023-cü ildə elektromobillərin sığorta qiymətlərinin 50% artdığına diqqət yetiriblər. Britaniyanın Howden Group broker şirkətinin hesablamalarına görə, orta hesabla elektromobilin sığortalanması 1344 funt sterlinqə başa gəlir ki, bu da benzin və ya dizel mühərrikli avtomobil üçün nəzərdə tutulmuş polisin qiymətindən təxminən iki dəfə bahadır.
Sığortaçılar polisin qiymətinin iddiaların tezliyinə və ehtiyat hissələrinin dəyərinə əsaslandığını bildirirlər. Howden Group mütəxəssislərinin hesablamalarına görə, elektromobillər üçün ödənişlər daxili yanma mühərrikli oxşar avtomobillərə nisbətən 35% çoxdur. Elektromobilləri təmir etmək üçün hazırlanmış mexaniklərin çatışmazlığı səbəbindən təmir prosesi də daha uzun müddət tələb edir.
Bahalı sığorta İngiltərədə elektromobillərin yayılmasını ləngidən əsas amillərdən biridir. Digər səbəblər - ikinci əl bazarında elektrokarlara olan aşağı tələbat, onların bazar dəyərini sürətlə itirməsi və yükləmə terminalları infrastrukturunun zəif inkişaf tempidir. Keçən il, ilk dəfə olaraq, Böyük Britaniyada yeni avtomobillərin ümumi satışlarında elektromobillərin payının artması dayanıb.
Britaniyadakı satışların TOP30-da daxili yanma mühərriki olmayan yeganə model beşinci yerdə qərarlaşmış Tesla Model Y (35 899 ədəd) krossoveridir. Dörd “ənənəvi” avtomobil daha yaxşı satılıb: Ford Puma (49 591), Nissan Qashqai (43 321), Vauxhall Corsa (40 816) və Kia Sportage (36 135). İlk onluğa həmçinin Hyundai Tucson, MINI Hatch, Nissan Juke, Audi A3 və Vauxhall Mokka daxil olub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.