Mercedes-Benz şirkətinin Böyük Britaniyadakı nümayəndəliyi X-Class pikapına sifarişləri qəbul etməyə başlamışdır. Xatırladaq ki, Stokholm şəhərində təqdim edilmiş konseptual pikapın seriya variantı hələ də işıq üzü görməmişdir.
Britaniya nümayəndəliyi sifarişlərin qəbul edilməsini pikapa olan yüksək maraqla izah edir. «Bir çox müştərimiz yeni X-Class modelinin ilk sahiblərindən olmaq istədiklərini bildirmişdirlər. Bu heyrətamiz bir şeydir, çünki avtomobil hələ təqdim edilməmişdir», - deyən Mercedes-Benz Vans UK rəhbəri Stiv Bric izahat vermişdir. Yeni pikapı sifariş etmək arzusunda olanlar 1000 funt-sterlinq məbləğində avans verməlidirlər. Müştəri fikrindən daşınarsa onun depoziti geri qaytarılacaqdır.
Əvvəllər də xəbər verdiyimiz kimi, Mercedes-Benz X-Class Nissan şirkətinin Navara modelinin bazasında hazırlanmışdır. Yeni pikapın əsasını lonjeron raması təşkil edəcəkdir. X-Class modelinin ən güclü modifikasiyaları V6 tipli dizel mühərrikləri və 4Matic tam çəkiş sistemi ilə təchiz ediləcəkdir.
Bundan əlavə, Mercedes-Benz X-Class həmçinin mərkəzi və arxa differensialın qapanması ilə təchiz ediləcəkdir.
Mercedes-Benz şirkətinin ilk pikapının maksimal yüklənməsi təxminən 1,1 ton təşkil edəcəkdir. Yedəyə alınacaq qoşmanın çəkisi isə 3,5 tona bərabərdir. Mercedes-Benz X-Class pikapının təchizatına quraşdırılmış SİM-kartı olan multimedia sistemi, avtomobilin vəziyyəti barədə məlumatı məsafədən smartfona göndərən sistem, həmçinin radar, kamera və çoxsaylı ultrasəs vericilərinin məlumatları əsasında çalışan təhlükəsizlik sistemləri daxil olacaqdır.
Mercedes-Benz X-Class pikapının satışlarına 2018-ci ildə başlanmalıdır. Çox güman ki, avtomobilin seriya variantı payizda keçiriləcək Frankfurt avtosalonunda təqdim ediləcəkdir.