Haval şirkəti Çendu avtosalonunda bu marka üçün xarakterik dizayna malik olmayan DaGou adlı modelini təqdim edib. Əvvəl də bildirdiyimiz kimi, modelin Çin dilindən “Böyük köpək” kimi tərcümə olunur. Qabaritlərinə görə Nissan X-Trail modeli ilə müqayisə edilən ofrouderin dizaynı üzərində Jaguar Land Rover şirkətinin keçmiş dizayneri Fil Simmons işləyib.
Haval şirkəti, gözlənənlərin əksinə olaraq, DaGou ofrouderinin H5 modelinin yeni nəslinin olmadığını və müstəqil bir model olduğunu vurğulayıb. Modelinin əsasını H6 modelinin öndə McPherson dayaqları, arxada isə çoxqollu asqısı olan platforması təşkil edir. Avtomobil uzunluğu 4620 millimetr, eni - 1890 millimetr, hündürlüyü - 1780 millimetr, təkər bazası isə 2738 millimetrdir. Beləliklə, “Böyük köpək” X-Trail modelindən 20 millimetr qısa, 70 millimetr geniş və 70 millimetr hündürdür.
Haval DaGou modelinin mahiyyətcə aparıcı kuzova malik olan krossover olmasına baxmayaraq, o nun dizaynı “yolsuzluq” tərzində hazırlanmışdır: boyanmamış plastikdən hazırlanmış bamperlər və təkər tağlarının genişləndiriciləri, yumru formalı ön fənərlər, damdakı relinqlər və 19-düymlük təkər diskləri belə görüntünü yaratmağa xidmət edir.
Salonda iri tutacaqlar, qeyri-adi günəşliyə malik olan rəqəmsal cihazlar paneli, multimedia sisteminin sərnişin tərəfində yuvarlaqlaşdırılmış ekranı və havalandırma sisteminin düzbucaqlı şaquli deflektorları diqqəti çəkir. Transmissiyanın şayba şəkilli delektoru mərkəzi tuneldə yerləşir. Avadanlıqlar siyahısına ikizonalı iqlimə nəzarət sistemi, panoram tavan və hərtərəfli görüntü kameraları daxildir.
İlkin mərhələdə Haval DaGou 169 at qüvvəsinə malik olan 1,5-litrlik benzin turbomühərriki ilə təklif ediləcəkdir. Turbomühərrik iki muftalı yeddi pilləli "robot" ilə birlikdə çalışacaqdır. Ötürmə ön oxadır, lakin tam ötürmə sisteminin də təklif olunacağı vəd edilib. Sonradan, krossoverin mühərrik çeşidinə 245 at qüvvəli 2,0-litrlik turbomühərrikin daxil ediləcəyi gözlənilir.
Haval DaGou bu ilin sonuna qədər Çin bazarında satışa çıxarılacaqdır. Krossoverin qiyməti satışlarına başlanmasına yaxın zamanda açıqlanacaqdır. Yeni modelin digər ölkələrdə də təklif ediləcəyi söylənilir. Çox güman ki, ixrac variantı üçün fərqli bir ad seçiləcəkdir.