Brabus Mercedes-Benz G-Class-ın yeni, açıq tavanlı versiyasını təqdim edib. Brabus 900 Rocket Cabrio adlanan xüsusi layihə əfsanəvi ofrouderi kabrioletə çevirir. Monaco Yacht Show sərgisində debüt edən modelin tirajı 50 nüsxə ilə məhdudlaşdırılıb.
Standart G-Class-ı kabrioletə çevirmək üçün 500-dən çox yeni detal hazırlanıb. Bu hissələrin bir qismi yumşaq qatlanan damın yaradılmasına, digərləri isə kuzovun möhkəmləndirilməsinə sərf olunub. Elektrik ötürücüsü ilə işləyən dam cəmi 20 saniyəyə açılıb-bağlanır. Brabus damın suya davamlılığını yoxlamaq üçün 10 saatdan çox fasiləsiz su sınağı keçirdiyini bildirir. Təhlükəsizliyi artırmaq məqsədilə orta dayaq karbondan köndələn tirlə möhkəmləndirilib, arxa dayağa isə polad gücləndirici inteqrasiya olunub.
Avtomobilin salonu dəri və alkantaranın birləşməsindən hazırlanıb. İnteryerin əsas xüsusiyyətlərindən biri Brabus-un Rocket Red adlandırdığı al qırmızı dekorativ elementlərdir. İnteryerin tərtibatında karbonplastikdən bolluca istifadə olunub.
Brabus 900 Rocket Cabrio-nun kapotunun altında iş həcmi 4,5 litrə qdər artırılmış səkkizsilindrli biturbo mühərrik yerləşir. Mühərrik döymə porşenlər, şatunlar, xüsusi hazırlanmış dirsəkli val və yeni turbokompressorlarla təchiz edilib. Nəticədə aqreqat 900 at gücü və 1250 Nm fırlanma anı hasil edir. Lakin doqquz pilləli avtomatik transmissiyanı və tam ötürmə sistemini qorumaq üçün fırlanma anı 1050 Nm ilə məhdudlaşdırılıb.
Açıq kuzovlu “Raket” 0-dan 100 km/saata 3,7 saniyəyə sürətlənir, maksimal sürət isə 240 km/saata çatır. KW şirkəti ilə birgə hazırlanmış Brabus RideControl vintli asqı sistemi klirensi 45 millimetrədək azaltmağa imkan verir. Model ön oxda 295/30 ZR 24, arxada isə 345/25 ZR 24 ölçülü şinlərlə təchiz edilmiş Monoblock II disklər üzərində hərəkət edir.
Brabus 900 Rocket Cabrio-nun istehsalı cəmi 50 nüsxə ilə məhdudlaşdırılacaq. Fərdi sifarişlərdən asılı olaraq qiymət dəyişə bilər. Şirkətin təqdim etdiyi avtomobilin qiyməti vergilər nəzərə alınmadan 890 740 avro təşkil edir.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materiallarınköçürülməsivə yahərhansı formadaistifadəsiyalnızAutograph.az-aaktivkeçidgöstərilməklə mümkündür.









