Məşhur Brabus atelyesi Rocket 900 adlı sedanın fotoşəkillərini dərc etmişdir. Bu avtomobil faktiki olaraq Mercedes-Maybach S600 bayraqdar sedanının Bottrop mütəxəssisləri tərəfindən təkmilləşdirilmiş variantıdır.
Bottropdan olan atelyenin mütəxəssisləri sedanın 6,0-litrlik iki turbokompressorlu V12 mühərrikinin gücünü 900 at qüvvəsinə, fırlanma anını isə 1500 Nm-ə qədər artırmağa nail olmuşdurlr. Nəticədə, dəbdəbəli sedan 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir. Rocket 900 modelinin maksimal sürəti isə 350 km/saat təşkil edir.
Ənənəvi olaraq, Brabus atelyesi sedanı karbondan hazırlanmış yeni aerodinamik parçalar dəsti ilə təchiz edir. Rocket 900 sedanı yeni radiator barmaqlığı, başqa formalı ön və arxa bamperlə, arxa bamperə quraşdırılmış diffuzorla və əlbəttə ki, 21-düymlük xüsusi təkər diskləri ilə seçilir. Məlum məsələdir ki, sedanın salonu da müştərinin arzusuna uyğun olaraq, yüksək kefiyyətli materiallardan istifadə etməklə tərtib edilir. Şəkillərdə təsvir edilmiş avtomobil iki rəngli dəri ilə üzlənmişdir. Atelye mütəxəssisləri bununla qane olmamış, sedanın baqaj bölümünü də dəri ilə örtmüşdürlər.
Belə bir sedanın ucuz avtomobil olmadığı hər kəsə bəllidir. Brabus atelyesi sedana 500 min avro (932 min manat) qiymət təyin etmişdir.