Məşhur Brabus atelyesi artıq Mercedes-AMG GT 63 S 4Matic+ liftbəkinin üzərində işləyərək, onu Rocket 900 modelinə çevirmişdi. Daha sonra alman tüner Mercedes-AMG GT 63 S E Performance superhibridinin əsasında yaradılmış Rocket 930 modelini təqdim etmişdi. Ənənəvi olaraq, Brabus avtomobillərinin adındakı rəqəmlər onun mühərrikinin gücünə işarə edir.
Məlum olduğu kimi, keçən ilin payızında Mercedes-Benz şirkəti seriya liftbəkini yenilənib və bu da Brabus atelyesini Rocket modelinin məhsuldarlığını bir qədər artırmağa sövq edib. Beləliklə, alman tüner 1000 at qüvvəsi həddini fəth etmək qərarına gəlib.
Maraqlıdır ki, yeni Brabus Rocket 1000 modelinin 4,4-litrlik (əslində həcmin 4,5 litr olduğu bəyan edilib) V8 biturbo mühərriki cəmi 796 at qüvvəsi hasil edir. Xatırladaq ki, Rocket 900 benzin versiyasında onun gücü 900 at qüvvəsidir.
Hər iki halda fırlanma anı 1250 Nm-ə çatır, lakin praktikada doqquz pilləli Speedshift MCT “avtomatını” həddindən artıq yükləməmək üçün, fırlanma anı elektronika tərəfindən 1050 Nm həddində məhdudlaşdırılıb. Standart buraxılış sistemini azaldılmış müqaviməti və səs intensivliyinin seçimi funksiyası olan, paslanmayan poladdan hazırlanmış orijinal variantla əvəzləyiblər.
Brabus elektrik üstqurumun komponentlərinə toxunmayıb. Arxa oxda ikipilləli reduktoru və dartma batareyası (6,1 kilovat/saat) olan sinxron elektrik mühərriki (204 at qüvvəsi, 320 Nm) var. 4Matic+ tam ötürmə sistemi də əsaslı şəkildə dəyişməyib. Ancaq əldə edilən göstəricilər istənilən halda heyranedicidir!
Hibrid sistemin ümumi hasilatı 1000 at qüvvəsi və 1820 Nm (elektronika tərəfindən 1620 Nm-də məhdudlaşdırılıb). 100 km/saata sürətlənmə adi liftbəkdəki 2,9 saniyə əvəzinə 2,6 saniyə çəkir. Rocket 1000 modeli 200 km/saata 9,7 saniyəyə sürətlənir, 300 km/saat həddinə isə 23,9 saniyəyə çatır. Maksimum sürət seriya liftbəkindəki ilə eynidir - 316 km/saat.
Brabus Rocket 1000 artıq AMG GT əsaslı əvvəlki avtomobillərdən tanış olan firma karbon kuzov dəstinə malikdir. Böyük hava girişləri olan ön bamper qüdrətli V8 mühərrikinin düzgün nəfəs almasını və soyumasını təmin edir, iri splitter isə, yüksək sürətlərdə əlavə yerəbasma qüvvəsini yaradır.
Arxadakı antiqanad və diffuzor, eləcə də avtomobilin ümumi eninə 67 millimetr əlavə edən təkər tağlarının genişləndiriciləri karbon lifindən hazırlanıb.
İdman rejimlərində və yüksək sürətlərdə Brabus Sport Xtra pnevmatik asqısının hündürlüyünü 20 millimetr aşağı salmaq olar. Mərkəzi kilidli beşqollu Brabus Monoblok P disklərinə (öndə 21 düym, arxada isə 22 düym) Continental Sport Contact 7 şinləri taxılıb.
Rocket 1000 modelinin interyeri, günəşliklərdə və oturacaqların yan tərəflərində Ellips və Heritage firma naxışları olan orijinal, nəfəs alan dəri ilə üzlənib. Tavan Dinamica mikrofiberi ilə örtülüb, ön panel isə, parlaq karbondan örtmələr ilə bəzədilib.
Anodlaşdırılmış alüminiumdan pedallar və çoxrəngli LED işıqlandırması olan kandar lövhələri Brabus emblemləri ilə bəzədilib. Bununla belə, Brabus mütəxəssisləri müştərinin istənilən tələbini yerinə yetirməyə hazırdırlar.
Tarixdəki ən güclü Brabus modelinə sifarişlər artıq qəbul olunurlar, lakin maraqlananlar tələsməlidirlər, çünki Rocket 1000 cəmi 25 nüsxə tirajla buraxılacaq. Avtomobilin qiyməti 450 min avrodan başlayır . Beləliklə, Rocket 1000 adi Mercedes-AMG GT 63 S E Performance liftbəkindən təxminən iki dəfə bahadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.