Məşhur tüninq atelyelərindən biri olan Brabus GmbH şirkəti Cenevrə avtomobil sərgisinə Mercedes-AMG C63 S sedanı üçün təklif etdiyi tüninq proqramını təqdim etmək niyyətindədir. Proqram avtomobilin mühərrikinin gücünün artırılmasını, və əlbəttə ki, kompozit materiallardan hazırlanmış aerodinamik kuzov dəstinin quraşdırılmasını nəzərdə tutur.
Yeni kuzov dəstinə qabaq spoyler, aqressiv arxa diffuzor və baqaj bölümünün qapağına bərkidilmiş arxa spoyler də daxildir. Eyni zamanda, karbondan hazırlanmış və qabaq qanadlarda yerləşdirilmiş hava girişlərini, yan güzgülərin korpuslarını və qabaq bamperdəki işləmələri qeyd etmək olar. Bundan əlavə, avtomobildə paslanmayan poladdan hazırlanmış xüsusi səsboğucu sistem və Continental, Pirelli və Yokohama şinləri geyindirilmiş 20-düymlük təjkər diskləri də quraşdırılır.
Brabus atelyesinin mütəxəssisləri avtomobilin iç məkanını da yüksək kefiyyətli materiallarla işləməyi təklif edirlər. Sedanın interyerinin tərtibatında yüksək kefiyyətli dəri və alkantaradan istifadə edilmişdir. Sarı rəngli dəri işləmələr və eyni rəngli sapla tikişlər sedanın salonunu daha da gözəgəlimli edir. Bundan başqa, poladdan hazırlanmış pedalları, işıqlandırılan kandar lövhələrini, xüsusi ayaqaltıları və alüminiumdan hazırlanmış sükanaltı dəstəkləri qeyd etmək olar.
Brabus mühəndisləri ilk növbədə avtomobilin mühərriki üzərində çalışmışdırlar. PowerXtra B40S-650 dəstinin tətbiqi nəticəsində avtomobilin 4,0-litrlik iki turboüfürməli V8 mühərrikinin gücü 650 at qüvvəsi və 820 Nm fırlanma anı təşkil edir. Bu dəyişikliklər sayəsində avtomobil 100 km/saat həddini 3,8 saniyəyə toplayır. Brabus mütəxəssislərinin hazırladığı bərkgedən sedanın maksimal sürəti 320 km/saat həddində qərarlaşmışdır.