Brabus atelyesi özünün layihələrində yeni nəsil Mercedes-Benz G-Class ofrouderini aktiv şəkildə istifadə edir. Bu dəfə tüner bayraqdar Mercedes-AMG G63 ofrouderinin bazasında məhdud seriyadan olan iki avtomobili hazırlamaq qərarına gəlib. Atelye Blacks Ops 800 adlandırdığı birinci avtomobili Şimal dənizinin sahilindəki Zilt şəhərində, Shadow 800 adlı ikinci modeli ilə Monakoda nümayiş etdirib.
Hər iki avtomobil 800 at qüvvəsi hasil edən 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz edilib. Təkmilləşdirilmiş biturbo mühərrik ofrouderə 100 km/saat həddini 4,1 saniyəyə toplamağa və 240 km/saat həddinə qədər sürətlənməyə imkan verib.
Blacks Ops 800 və Shadow 800 modelləri Widestart aerodinamik kuzov dəstinə və 23-düymlük Platinum Edition təkər disklərinə sahib olublar. İki modifikasiya arasındakı fərq yalnız tərtibatdadır. Məsələn, Blacks Ops 800 qara parlaq rəngə boyanır və qırmızı haşiyələrə malikdir. Ofrouderin salonu qırmızı tikişləri olan tünd-boz dəri ilə üzlənib və qara karbondan dekor elementləri ilə bəzədilib. Ofrouderin qiyməti 275055 avrodur.
Shadow 800 modeli isə Gunmetal Gray boz rənginə boyanır və karbondan kuzov elementləri ilə təchiz edilir. Ofrouderin salonu qara, açıq-boz, qırmızı dəri, alkantara və karbon ilə tərtib edilib. Bu modifikasiya 327621 avroya satılır.
Hər iki modifikasiya 10 nüsxəlik tirajla buraxılacaqdır.