Brabus tüninq atelyesi əvvəlki nəsil Mercedes-AMG G63 ofrouderinin bazasında hazırladığı növbəti layihəni təqdim edib. Brabus 700 4x4² Final Edition adlandırılmış ofrouder 700 at qüvvəsi hasil edən mühərrikə, G 500 4x4² modelinin portal körpülərinə və 600 millimetrlik klirensə sahib olub. “Final” seriyasından olan ofrouder 10 nüsxəlik tirajla buraxılacaqdır.
Portal körpülərə sahib olmuş Mercedes-AMG G63 modeli elektronika idarələnən amortizatorlar ilə təchiz edilir. Amortizatorların sərtliyini və hündürlüyünü salonda quraşdırılmış düymənin vasiyəsi ilə tənzimləmək mümkündür. Bundan başqa, “bərkgedən” ofrouder təkər tağlarının karbondan hazırlanmış genişləndiriciləri, köməkçi işıqlandırması olan damda quraşdırılmış spoyler, yolsuzluq şinləri, altlığın müdafiə lövhələri və dörd hərəkət rejimi (Comfort, Sport, Off-road və Individual) olan sistemlə təchiz edilib.
Brabus 700 4x4² Final Edition təkmilləşdirilmiş 5,5-litrlik səkkiz silindrli mühərrik ilə hərəkətə gəlir. Təkmilləşdirilmiş buraxılış, giriş və firma turbokompressorlarına sahib olmuş mühərrik 700 at qüvvəsi və 960 Nm fırlanma anı hasil edir. Güc aqreqatı 7G-Tronic Plus avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Ofrouder 100 km/saat həddinə beş saniyəyə sürətlənir. Onun maksimal sürəti 210 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb.
Ofrouderin interyerinin tərtibatında ikirəngli dəri, əsl ağac və karbondan istifadə edilir. Brabus 700 4x4² Final Edition modelinin hər bir nüsxəsinin qiyməti 209 min avrodan başlayır.
Mənbə: Brabus