Brabus şirkəti Mercedes-Benz EQC elektrokarı üçün hazırladığı tüninq proqramını təqdim edib. Brabus mütəxəssisləri elektrik krossoverinin təchiz edildiyi iki elektrik mühərrikinin ümumi hasilatını 422 at qüvvəsinə (+ 14 a.q.) və 830 Nm-ə (+70 Nm) çatdırmağa müvəffəq olublar. Nəticədə, elektrokrossover 100 km/saat hədinə 5,1 saniyəyə deyil, 4,9 saniyəyə sürətlənir. Krossoverin maksimal sürəti əvvəlki kimi 180 km/saat həddində məhdudlaşdırılıb.
Maraqlısı odur ki, 80 kilovat-saatlıq batareya ilə təchiz edilmiş elektrokarın yürüş məsafəsini qorumaq üçün əlavə edilmiş güc yalnız S idman rejimində əlçatandır. Rekuperasiya sistemini aktivləşdirən və demək olar ki, əyləc pedalına toxunmadan hərəkət etməyə imkan verən E rejimində isə, əvvəlki kimi 417 kilometr (WLTP) məsafə qət etmək olar.
Bütün bunlarla yanaşı, Brabus mütəxəssisləri elektrokrossoverin salonu üzərində də işləyiblər. Eelktromobilin salonunu bahalı dəri, pedal və kandarların alüminium örtükləri, qapı qıfıllarının firma loqotipinə malik olan düymələri, cihazlar panelinin xüsusi tərtibatı ilə təchiz etmək olar. Eksteryer dəyişiklikləri də mövcuddur. Hələlik tüner yeni spoyleri 20 və 21 düymlük təkər disklərini və firma loqotiplərini nümayiş etdirməklə kifayətlənib. Daha ciddi kuzov dəsti üzərində işlər davam etdirilir.
Krossoverin final sınaqları davam edir və bu səbəbdən də təkmilləşdirmələrin qiyməti açıqlanmayıb.