Məşhur Brabus atelyesi yeni layihəsini təqdim edib. Bu 900 at qüvvəsinə malik olan Mercedes-Benz S-Class kabrioletidir. Şirkətin dünyanın ən güclü və yeyin kabrioleti adlandırdığı model gələn ayın ortasında işinə başlayacaq Frankfurt avtosalonunda nümayiş etdiriləcəkdir.
900 at qüvvəli kabriolet Mercedes-AMG S65 modelinin bazasında hazırlanmışdır.
Standart 6,0-litrlik V12 biturbomühərrikinin iş həcmi 6,3-litrə qədər artırılıb. Avtomobil yeni giriş və buraxılış sistemlərini, həmçinin təkmilləşdirilmiş yeddi pilləli avtomatik ötürmələr qutusunu və 40 faizlik qapanmaya malik olan Brabus firma differensialını əldə edib. Təkmilləşdirmələr sayəsində mühərrikin gücü 270 at qüvvəsi artmış, onun maksimal fırlanma anı isə 1500 Nm-ə çatmışdır.
Lakin, fırlanma anı elektronika tərəfindən 1200 Nm səviyyəsində məhdudlaşdırılıb.
Yerindən 100 km/saat həddinə arxa çəkişli kabriolet 3,9 saniyəyə sürətlənir. Bu standart Mercedes-AMG S65 Cabriolet modelində olduğundan 0,2 saniyə yeyindir.
Kabrioletin maksimal sürəti 350 km/saatdır. Bundan başqa, kabriolet səsi sükandakı düymə vasitəsi ilə dəyişdirilə bilən aktiv səsboğucu sistemi, kuzov dəstinin əlavə karbon elementləri, yenidən tənzimlənmiş asqıya, 21-düymlük təkər diskləri ilə təchiz edilir.
Avtomobilin interyeri də Brabus atelyesinin firma üslubunda tərtib edilib. Alman şirkəti artıq hazır avtomobilləri də təklif edir.
Təkmilləşdirmələrin qiyməti açıqlanmayıb.