Mercedes komandasının fin pilotu Valtteri Bottas İnterlaqosda keçirilən təsnifat mərhələsində poul-mövqeyini əldə edib.
San-Paoloda keçirilən təsnifat mərhələsi Lyuis Həmiltonun sürprizi ilə başladı: dördqat dünya çempionu döngələrin birində bolidini divarlarla qovuşdurdu və çoxdankı ayrılığa, həsrətə son qoydu. Çox güman ki, Həmilton Braziliyanın məkrli havasının qurbanı olub. Böyük ehtimalla, britaniyalı asfalt səthi ilə təmas səviyyəsini düzgün qiymətləndirməyib. Lakin, Lyuis belə hərəkətləri özünə rəva görə bilər, çünki artıq titul onun cibindədir. Güman edirəm ki, Lyuis bu gün mübarizədən həzz almaq üçün yarışacaqdır.
İlk seqmentdə Lyuisə yoldaşlıq edən pilotlar Paskal Verlyayn, Pyer Qasli, Lens Stroll və Markus Eriksson olublar.
Həmiltonun yoxluğunda meydan onun komanda yoldaşı Bottasa qalıb. Fin pilot ikinci seqmentdəki ilk yeyin dövrəsində 1 dəqiqə 9 saniyə baryerini aşaraq 1.08,901 zamanına imza atıb. Lakin, ikinci cəhddə Sebastyan Fettel 1.08,494 zamana imza ataraq poula iddialı olduğunu bildirib.
İkinci seqmentdə təsnifatı tərk edən pilotlar Esteban Okon, Romen Qrojan, Stoffel Vandorn, Kevin Maqnussen və Brendon Hartli olub.
Final seqmentdə Bottas ilk cəhdində yaxşı zamana imza atsa da, Fettel fenomenal dövrə ataraq 1.08,360 zaman göstərərək Valtterini 0,082 saniyə üstələyib. Buna baxmayaraq, ikinci cəhddə fin pilot Fetteli geridə qoymağı bacarıb və alman pilotu 0,038 saniyə qabaqlayıb. Üçüncü nəticəni Kimi Rəykkonen qeydə alıb. Maks Ferstappen və Daniel Rikkardo dördüncü və beşinci olublar.
İkinci beşlik belə sıralanıb: Serxio Peres, Fernando Alonso, Niko Hülkenberq, Karlos Sayns və Felipe Massa.