Braziliya parlamentinin üç deputatı Formula 1 üzrə üçqat dünya çempionu Nelson Pikeyə qarşı cinayət işinin açılmasını tələb ediblər. Bu barədə yerli "Lance" qəzeti xəbər verib. Nəşr cinayət içşinin açıqlması halinda Pikeni üç il həbs cəzası gözlədiyi iddia edir. Nelson Pikenin cəzalandırılması tələbinin onun yeddiqat dünya çempionu Lüis Həmilton barədə söylədiyi irqçi fikirlər ilə bağlı olduğu bildirilir.
Keçən ilin noyabrında yerli KİV-lərin birinə müsahibə verən Nelson Pike Həmilton barədə təhqiramiz irqçi söz işlədib. Bu müsahibə dünya ictimayyətinin diqqətini Britaniyada keçirilən Qran Pri öncəsi cəlb edib. Pike dediyi sözlərə görə üzr istəyib və qeyd edib ki, onun işlətdiyi sözün Braziliyada danışılan portuqal dilində “qara oğlan”dan başqa heç bir mənası yoxdur. Bununla belə, Motorsport.com saytının Braziliya nəşri bu sözün çox təhqiramiz və irqçi xarakter daşıdığını israr edir.
Pikenin üzr istəməsindən sonra braziliyalının Həmilton barədə təhqiramiz ifadələr işlətdiyi köhnə yazılar üzə çıxmağa başlayıb. Xüsusilə, 2016-cı ildə Lüisin komanda yoldaşı Niko Rosberqə məğlub olması barədə danışan Pike, qeyri-ənənəvi cinsi davranış kontekstində Həmiltona qarşı kifayət qədər kobud ifadələr işlədib.
Qeyd edək ki, Nelson Pike karyerası boyu həmişə kobud şəxs kimi tanınıb. Belə ki, o, Formula1 çempionatında çıxış edərkən həmyerlisi Ayrton Sennanın heteroseksuallığını kobud şəkildə şübhə altına alıb. Senna isə, cavabında zarafatla, sonuncu görüşdə Pikenin həyat yoldaşının fərqli fikirdə olduğunu söyləyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.