Nissan şirkətinin Braziliyadakı dizayn-studiyası xilasedici xidmətlər üçün Frontier (bizim bazarda Navarra kimi tanınan) pikapını hazırlayıb. Yaradıcılarının fikrincə, yolsuzluq şinləri, şnorkel və ləvazimatların saxlanılması sistemləri ilə təchiz edilən avtomobil dünyanın istənilən nöqtəsində xilasedici əməliyyatlarda iştirak edə bilər.
Nissan Frontier Sentinel kuzovun göy Thunder-Blue rəngi ilə seçilir. Bu rəngin ilham mənbəyi Braziliyanın şimal-şərqində, qərbində və mərkəzi bölgələrində yaşayan qiasint arası (tutuquşu) olub. Eksteryer və interyerdəki sarı haşiyələr isə elektrik şəbəkəsini təmsil edir.
Nissan Frontier Sentinel əlavə enerji mənbəyini təmin edən Leaf elektrokarının iki ədəd batareyalar bloku, alətlərin, ləvazimatın və geyimin saxlanılması üçün yeşik dəsti, axtarış dronların qaldırılması üçün qatlanan platforma, həmçinin xırda əşyaların saxlanılması və rozetkalar üçün quraşdırılmış bölmələri olan təhlükəsizlik qövsləri ilə təchiz edilib.
Pikapın texniki hissəsi barədə məlumat verilməyib. Çox güman ki, avtomobilin kapotunun altında 190 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2,3-litrlik biturbodizel yerləşdırılıbdır. Güc aqreqatı yeddi pilləli avtomatik qutu ilə tandemdə çalışır. Ötürmə - ön oxu məcburi birləşdirən tam çəkiş sistemidir.