Britaniyanın eksklüziv avtomobil markası Bristol Cars 80 illik yubileyini öz tarixinin ən qeyri-adi modellərindən biri ilə qeyd edir. 2004-cü ildə təqdim olunan və 2011-ci ildə şirkətin müflisləşməsindən sonra istehsalı dayandırılan Fighter yenidən həyata qayıdır.

Yeni seriyadan cəmi beş avtomobil hazırlanacaq. Onlardan birincisi artıq tamamlanıb, digər dörd avtomobil isə müştərilərin sifarişlərinə uyğun yığılacaq. Maraqlısı odur ki, yeni Fighter-lər üçün ilkin istehsaldan qalan istifadə olunmamış şassilərdən, orijinal çertyoj və komponentlərdən istifadə edilir.

Fighter-in əsas xüsusiyyəti isə dəyişməyib: kapotun altında Dodge Viper-dan götürülmüş 8,0-litrlik V10 mühərrik yerləşir. Standart versiyada mühərrik 525 at gücü hasil edir, sifarişçinin istəyindən asılı olaraq bu göstərici 600 at gücünə qədər artırıla bilər. Maksimal sürət isə 338 km/saat (210 mil/saat) səviyyəsindədir.

İki yerlik GT-nin digər fərqləndirici cəhəti yuxarı açılan “gullwing” qapılarıdır. Beləliklə, Fighter müasir superkarların aqressiv yanaşmasından daha çox Britaniya GT ənənələrini və özünəməxsus xarakterini qoruyur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni avtomobillərin qiyməti açıqlanmayıb və yalnız potensial alıcılara bildiriləcək. Bununla belə, orijinal Fighter-in 2000-ci illərdə təxminən 235 min funt sterlinq qiymətə satıldığını nəzərə alsaq, yeni versiyanın bundan xeyli baha olacağı gözlənilir.

Bristol Cars-ın yeni rəhbərliyi üçün Fighter sadəcə köhnə modelin istehsalının bərpası deyil. Şirkət bunu markanın 15 illik fasilədən sonra geri dönüşünün ilk mərhələsi hesab edir. Növbəti modellərlə bağlı isə hələlik konkret məlumat verilmir.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.