Bu gün keçirilmiş Britaniya Qran Prisinin qalibi yerli azarkeşlərin sevimlisi Lyuis Həmilton olub. Pouldan start alan britaniyalı pilot yarışı rahat şəkildə, rəqiblərinin təzyiqi olmadan başa vurub.

Yarışın başlanğıcında Toro Rosso komandasının ispan pilotu Karlos Sayns "rus torpedosunun" növbəti qurbanı olub. 12-ci döngədə idarəetməni itirən Dəniel Kvyat komanda yoldaşını vuraraq yarışdan kənar qoyub. Qırmızı işıqların sönməsi ilə əla start alan Maks Ferstappen çempionatın lideri Sebastyan Fetteli arxada qoyub. Kimi Rəykkonenin köməyi ilə status-kvonu bərpa edən Fettel Maksın hücumlarına qarşı aciz qalıb və yenidən hollandiyalıya keçilib. 

Bir müddət Maksı sıxışdıran Fettel gənc hollandiyalının müdafiəsini sındıra bilməyib. Fettel  Ferstappeni yalnız pit-stop sayəsində geridə qoymağı bacarıb. Peletonda yaxşı start alan pilotlardan biri də Esteban Okon olub. Komanda yoldaşı və Renault komandasının pilotu Niko Hülkenberqin bolidlərinin arasından sivişən Okon altılıncığa qədər yüksəlib. Saynsın avtomobilini təxliyə etmək üçün trekə təhlükəsizlik avtomobili çıxıb. Qəzanın səbəbkarı olan Kvyat stüardlar tərəfindən pitdənkeçmə ilə cəzalandırılıb.

Beşinci dövrədəki restartdan sonra Həmilton liderliyini qoruyub. Bakı yarışının qalibi olan Rikkardo isə Silverstounun çınqıllığını təftiş etmək qərarına gəlib. 19 dövrədən başlayaraq pilotlar pit-stoplarını həyata keçiriblər. Ən gec pit-stopa gedən pilot isə Haas F1 komandasının danimarkalı pilotu Kevin Maqnussen olub. Yarışın başlanğıcında peletonun ortalarına yüksələn Rikkardo apardığı mübarizə və ötmələr sayəsində Bakıdakı qələbəsindən qiymətli olan beşinci yerə qədər yüksəlib.

Böyük ehtimalla, bu beşinci yer avstraliyalı pilot üçün Şpilberqdəki podiumdan da qiymətli olmalıdır. Özünün də qeyd etdiyi kimi, həm Red Bull bolidi yaxşı sürət nümayiş etdirib, həm də Rikkardo xeyli əziyyət çəkib.

Peletonun ən stabil komandası olan Force İndia komandasının pilotları Okon və Peres həmişəki kimi ilk onluqda finiş görərərək hindlilərin hesabına vacib xalları yazdırıblar.

Hər kəs Britaniya havasından sürpriz gözləyərkən əsas sürprizi Pirelli şinləri yaşadəb - əvvəlcə Fettelin bolidində yararsız hala düşən şinlər onun Bottas tərəfindən keçilməsinə səbəb olub. Sonradan isə Rəykkonenin bolidində yarasız hala düşən sol ön şin Toto Volfa və britaniyalı azarkeşlərə unuda bilməyəcəkləri sevincli anları yaşadıb. Qazan xan demişkən - italyanların öz qılıncları öz başlarına enib. Nəticəsi də ki, göz qabağındadı - Mercedes dubla imza ataraq Konstruktorlar kubokundakı üstünlüyünü 55 xala qədər artırıb.

Fettel isə vacib xallardan məhrum olaraq, Həmiltonla olan xal fərqinin demək olar ki, aradan qalxması ilə üzləşib.

Güman edirəm ki, Maurisio Arrivabene başвa olmaqla Scuderia Ferrari komandasının rəhbərlərinə papaqlarını qarşılarına qoyaraq möhkəm düşünmək vaxtıdır. Hələlik isə, Toto Volfun Niki Lauda ilə birlikdə bu günü xüsusi olaraq bayram edəcəyinə şübhə yoxdur. Məncə bu işə daha çox Şpilberqdə Fettelin zarafat obleyktinə çevrilmiş Lauda sevinmişdir.    

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt