Bu gün keçirilmiş Britaniya Qran Prisinin təsnifat mərhələsi məntiqi olaraq Lyuis Həmiltonun 67-ci poulunu əldə etməsi ilə nəticələnibdir. Sərbəst yürüşlərin nəticələri Mercedes pilotlarının bu trekdə rəqibsiz olduqlarından xəbər verirdi.

Deyəsən Ferrari mühərrikinin «udduğu» yağdan məhrum edilməsi Scuderia komandasının bolidlərinə pis təsir göstərib. Üstəlik də, şassinin inkişafında alman rəqiblərindən geridə qalan italyan komandasının poul qazanmaq şansı suallar doğururdu. Əlavə olaraq Valtteri Bottasın beş yerlik cəzası da Həmiltonun əsas rəqibini avtomatik olaraq poul uğrunda mübarizədən kənar qoymuşdur. Cansıxıcı keçəcəyi ehtimal edilən sıralama turlarına dəyişkən Britaniya havası sayəsində bir qədər həyəcan qatıldı.

ilk sessiyada yağan yağış və sonradan tədricən quruyan trek sonuna qədər kimin ilk on beşliyin kənarında qalacaq sualına cavab verməyi çətinləşdirdi.

Birinci olaraq tale və Renault mühərrikinin turbinası Şpilberqdəki üçüncülüyü Bakıdakı qələbədən qiymətli sayan Rikkardonu 20 yeri qiymətləndirməyə göndərdi. Yolda qalan Red Bull bolidini təxliyyə etmək üçün qırmızı bayraqlarla sessiya durduruldu.

Birinci sessiyanın sonuna yaxın trekin qurumasından istifadə edən Alonso sliklərə keçərək bu sessiyanın qalibi oldu.

Fernandonun dövrəsini izləyən azarkeşlərin alqışları McLaren komandasının qarajındakı insanların çöhrəsində çoxdan görünməyən gülümsəmələrə təkan verdi. İkinci sessiya daha çox Sebastyan Fettelin Peresin hərəkətlərindən şikayəti və Niko Hülkenberqin uğurlu çıxışı ilə yadda qaldı. Qeyri-sabit Britaniya havası nəhayət ki, Nikoya final seqmentə adlamaq şansı verdi. Mercedes və Ferrari pilotlarının ardınca Hülkenberq beşinci oldu. Niko hətta dəliqanlı Maksı belə üstələmişdi.

Ən təəccüblüsü isə, dünya çempionu olan komanda yoldaşını arxada qoyan və final seqmentə adlayan Vandordn idi.

Final sessiyası artıq ilk beşlikdə kimin olacağı sualına cavab axtarmırdı. Poulun Lyuisə qismət olacağı və iki Ferrari pilotu ilə Maks Ferstappenin sabah onu təqib edəcəyini ehtimal etmək olardı.

Hər kəsi əsasən bu pilotların arxasındakı düzülüş maraqlandırırdı. Bottasın dördüncülüyü onun sabah doqquzuncu yerdən yarışa başlayacağına işarə verirdi. Markionnenin sözlərindən nəticə çıxaran Rəhim Əliyevin sevimli pilotu Kimi Rəykkonen  Fetteli qabaqlamağa müvəffəq oldu. Beləliklə ilk beşlik Həmilton, Rəykkonen, Fettel, Ferstappen və Hülkenberqdən ibarətdir. İkinci beşlik isə belə sıralanır: Peres, Okon, Vandorn, Bottas və Qrojan.

Bu sətirlər yazılarkən poulu qazanan Həmiltonun Qrojana qarşı hərəkətinin stüardlar tərəfindən araşdırıldığı xəbəri gəldi. Hər halda günün sonuna qədər dəqiq məlumatı sizlərə çatdıracağıq. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt