M-Sport komandasının pilotu Elfin Evans Böyük Britaniya Rallisinin cümə gününün nəticələrinə görə lider mövqeyini daha da möhkəmləndirib.

Uelsli beşinci xüsusi hissədə qalib gələrək, altıncı və yeddinci xüsusi hissələrdə ikinci yeri tutub. Vətənində keçirilən rallidə göstərdiyi stabil çıxış, ona ən yaxın təqbçisi olan Ott Tyanakla vaxt fərqini 24 saniyəyə qədər artırmağa imkan verib. 

Qüvvədə olan dünya çempionu Sebastyen Ojye isə Tyanaka iki saniyə uduzur. Beləliklə, ilk günün nəticələrinə baxsaq, vitual şərəf podiumunun tamamilə M-Sport pilotlarından ibarət olduğunu görərik.

Hyundai komandasının belçikalı pilotu Tyerri Nevil günü dördüncü olaraq bitirib. Buna baxmayaraq, o Evansa 37 saniyə uduzur. Beşinci yerdə olan Toyota pilotu Yari-Matti Latvala liderdən 42 saniyə geridə qalıb. 

Günün protokolunda altıncı yeri Kris Mik tutur, Andreas Mikkelsen isə yeddinci yerdə qərarlaşıb. Səkkizinci yerdən onuncuya kimi olan yerləri Dani Sordo, Heyden Paddon və Yuho Hanninen tuturlar. Lakin, onlar Evansa 1 dəqiqə uduzurlar.