Mazda şirkəti 23-26 iyun tarixlərində keçiriləcək Qudvud sürət festivalında MX-5 rodsterinin İcon adlı xüsusi modifikasiyasını göstərmək niyyətindədir. Xüsusi modifikasiyadan olan avtomobillər 600 ədədlik tirajla istehsal ediləcəkdir. Xüsusi seriyadan olan avtomobillərin kuzovu ağ və tünd-boz rənglərə boyanacaqdır. Bu avtomobilləri kuzov dəstinin qırmızı rəngli haşiyələrinə görə digərilərindən seçmək mümkün olacaqdır.
Qırmızı rəngə boyanmış elementlər - qabaq splitter, arxa spoyler və arxa görüntü güzgülərinin gövdəsıdır. Bundan başqa, rodster tünd-boz rəngli 16-düymlük təkər diskləri ilə də təchiz ediləcəkdir.
Mazda MX-5 İcon modeli 131 at qüvvəli 1,5-litrlik dördsilindirli benzin mühərriki ilə hərəkətə gələcəkdir. Xüsusi seriyadan olan rodster 100 kilometr-saat sürətini 8,8 saniyəyə toplayır. Onun maksimal sürəti isə 201 kilometr-saatdır.
Qeyd etmək lazımdır ki, Mazda MX-5 İcon rodsteri yalnız Böyük Britaniyada satılacaqdır. 1 avqust tarixindən satışa çıxarılacaq xüsusi rodster üçün 20999 funt-sterlinq tələb olunur.