Britaniya polisi parlaq yaşıl rəngli BMW M3 Touring universalını götürərək məhv edib. Orijinal görünüşünə baxmayaraq, avtomobilin müxtəlif vaxtlarda qaçırılmış dörd BMW modelindən yığıldığı ortaya çıxıb. BMW şirkəti M-modellərini yalnız sedan və kupe kuzovlarında istehsal edir və universal kuzovlu M3 modeli onlara bir neçə ildən sonra qoşulmalıdır. Müsadirə olunan avtomobilin sahibi bu hadisəni gözləməmək qərarına gəlib və oğurlanmış avtomobillərin hissələrindən istifadə edərək adi 3 Series universalını öz əlləri ilə M versiyasına çevirib.

Polis avtomobilin nömrəsini yoxlayarkən şübhələnib. Avtomobilin M3 modelinin benzin mühərriki ilə təchiz olunmasına baxmayaraq, dizel mühərrikli BMW 3 Series modeli kimi qeydiyyatdan keçdiyi aşkarlanıb. Əlavə yoxlama nəticəsində, “bərkgedən” univesalın ən azı 4 ədəd 3 Series modelin hissələrindən yığıldığı, onlardan ikisinin isə qaçırılmış M3 modelləri olduğu ortaya çıxıb.

Vest Midland polis məmurunun YouTube kanalında yayımlanan videoda izah etdiyi kimi, universalın mühərriki bir M3 modelindən, şassisi isə digərindən götürülüb. Birinci M3 2018-ci ilin mart ayında qaçırılıb, ikincisi isə 2019-cu ilin sentyabr ayında birbaşa diler salonundan oğurlanıb. Kuzovun və panoram damın “donorları” isə iki adi 3 Series universalı olub. Eyni zamanda, M3 Touring modelinin yaradıcısı VIN nömrələri olan bütün lövhələri kəsərək çıxardıb.

Hüquq-mühafizə orqanının əməkdaşaları, əldəqayırma avtomobilin zahirən yaxşı göründüyünü etiraf etsə də, gözəl boya qatının altında həm sürücünün özünü, həm də ətrafdakıları riskə atan etibarsız konstruksiyanın olduğunu bildiriblər. Nəticədə təhlükəli BMW utilizasiyaya göndərilib.

Videonu YouTube izəyə bilərsiniz.

BMW şirkəti M3 Touring Concept (E46) universalının prototipini 2000-ci ildə nümayiş etdirib, lakin 20 il sonra seriya modelinin buraxılacağını təsdiqləyib. M3 Touring universalı, M3 sedanı və M4 kupesindən götürülmüş, Competition versiyasında 510 at qüvvəsi hasil edən 3,0-litrlik altısilindrli  biturbo mühərriki, avtomatik transmissiyanı və tam ötürmə sistemini alacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.