Rəhbərliyinin tərkibinə iri avtomobil şirkətlərinin keçmiş menecerləri daxil olan Britaniyanın Alcraft Motor Company startapı özünün ilk elektromobilinin layihəsini təqdim edib. «Şutinq-breyk» tipli kuzovlu elektromobil 600 at qüvvəsinə malik olacaqdır.
Gran Turismo elektrik superkarının istehsalına başlamaq üçün yeni şirkət vəsaiti kraudfandinq yolu ilə toplamaq niyyətindədir.
Alcraft markası iş adamı Dəvid Elkraft tərəfindən yaradılıb. Onunla bərabər şirkətin rəhbərliyinə Morgan şirkətindən Çarlz Morqan, Britaniyanın avtomobil istehsalçıları və satıcıları İctimai birliyinin keçmiş başçısı Kristofer Makqouen, həmçinin Toyota, Daewoo və Michelin kimi iri şirkətlərdə çalışmış Mark Karberi daxildir. Alcraft şirkəti Delta Motors şirkəti ilə texniki tərəfdaşdır. Sonuncu elektromobilin texniki hissəsinə cavabdehdir.
Hazırda elektromobilin yalnız 1:3 nisbətində olan maketi hazırlanıb. Layihənin həyata keçirilməsinə dəstək verənlərə 10 - 25000 funt-sterlinq arasında vəsatin qoyulması təklif edilir.
Vəsaitin toplanması Indiegogo saytı tərəfindən aparılır. Məbləğdən asılı olaraq müxtəlif növ mükafatlar təklif edilir: onların arasında qol saatından tutmuş elektrik velosipedlərinə kimi mükafatlar mövcuddur. Hətta, elektromobilin hazırlanmasında iştirak etmək və Silverstounda test prototiplərini sınaqdan çıxarmaq da təklif olunur. Bu günə yalnız bir nəfər 10 funt-sterlinq məbləğində ianə ödəyib. Bu yolla şirkət 600 min funt-sterlinq toplamaq niyyətindədir. Kampaniyanın müddəti iki aydır.