Bu gün Ford şirkəti yenidən canlandırılmış Bronco modelinə həsr edilmiş növbəti videotizeri dərc edib. Yeni tizerdə üç avtomobilin təsvir edildiyi diqqəti çəkir. Tizerdə Bronco modeli üç və beş qapılı kuzovla, həmçinin Bronco Sport modifikasiyasında nümayiş etdirilib. Bundan başqa, Ford Bronco modeli yaradan komandanın səylərini və zəhmətini pzündə əks etdirən yeni şüarını da təqdim edib - Built Wild.
Yeni Ford Bronco modeli Ranger pikapının T6 platformasına əsaslanır və onunla mühərrik çeşidini bölüşür. Xatırladaq ki, Ford Ranger modeli 271 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən iki turbokompressoru EcoBoost mühərriki və 10 diapazonlu «avtomat» ilə hərəkətə gəlir. Bundan başqa, Ford Bronco modelinin Ford F-150 pikapından tanış olan 329 at qüvvəsi və 542 Nm fırlanma anı hasil edən 2,7-litrlik V6 mühərrikini əldə etmək şansı da vardır.
İri ölçülü Ford Bronco modeli ilə birlikdə Bronco Sport modeli də debüt edəcəkdir. Ford Bronco Sport modeli Escape/Kuga krossoverlərinin uzadılmış C2 platformasında inşa edilib.
Bundan əlavə, Ford sifariş sisteminin məlumatlarına əsasən, modellər hətta ümumi güc qurğularına da sahib olacaqdırlar: bunlar, 8 diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışan 1,5-litrlik üçsilindlri və 2,0-litrlik dördsilindrli turbomühərriklərdir. Bronco Sport standart olaraq tam ötürmə sistemi ilə təchiz ediləcəkdir. Xatırladaq ki, Ford Escape modeli üçün tam ötürmə sistem opsiyadır.