Mayamidə fəaliyyət göstərən Curated avtosalonu unikal Cizeta V16T superkarını satışa çıxarıb. Bu superkar əvvəllər Bruney sultanına məxsus olub və mavi rəngə kuzova malikdir.
Superkar Bruney sultanı Hassanal Bolkiaha məxsus olan nəhəng avtomobil kolleksiyasının bir hissəsi olub. Kolleksiyanın qiyməti milyardlarla ölçülür. Vintaj idman avtomobilləri üzrə ixtisaslaşmış Curated şirkəti avtomobili təxminən altı ay əvvəl sultandan alıb, indi isə onu satışa çıxarmağa hazırlaşır.
İlk Cizeta V16T superkarı 1998-ci ildə təqdim edilib. Avtomobil keçmiş Lamborghini mühəndisi Klaudio Zampolli, musiqi prodüseri Corcio Moroder və Lamborghini Miura modelinin eksteryeri üzərində işləmiş dizayner Marçello Qandini arasındakı əməkdaşlığın bəhrəsi idi. İlkin olaraq, Cizeta modelini Lamborghini Diablo superkarına bənzətmək planlaşdırılırdı, lakin sonradan bu fikirdən imtina edildi.
İki cüt "kor" fənərlərə malik olan qeyri-adi kupenin istehsalına 1991-ci ildə başlanıb. İldə 40-a qədər superkar istehsal etmək planlaşdırılsa da, ancaq 1995-ci ilə qədər cəmi 19 superkar istehsal edilib, 1999-2006-cı illərdə isə, bir rodster daxil olmaqla üç superkar buraxılıb.
Sultana məxsus olmuş 101 şassi nömrəli Cizeta superkarı 1993-cü ildə Cenevrə avtosalonunda təqdim edilib. Avtomobil demək olar ki, sürülməyib: superkardan mətbuat tədbirlərində və reklam çəkilişlərində istifadə edilib. 27 yaşı olan kupenin odometrdəki yürüş məsafəsi 981 kilometrdir.
Cizeta V16T superkarı 540 at qüvvəsi və 542 Nm fırlanma anı hasil edən 6,0-litrlik V16 mühərriki ilə təchiz edilib və 100 km/saat həddinə dörd saniyədən az müddətə sürətlənir. Mühərrik beş pilləli mexaniki ötürmələr qutusu ilə birlikdə işləyir. Superkarın maksimal sürəti 328 km/saatdır.
Unikal Cizeta V16T superkarının qiyməti açıqlanmayıb, çünki kupe hələlik satışa çıxarılmayıb. Keçən əsrin 90-cı illərində avtomobil 650-850 min dollara satılırdı.