Lamborghini Diablo SE30 modelinin son dərəcə nadir nümunələrindən biri RM Sotheby’s hərracında satışa çıxarılır. 1994-cü ilin yubiley superkarı cəmi 150 ədəd istehsal edilmiş SE30 seriyasına aiddir. Bruney kral ailəsi üçün sifariş edilmiş bu avtomobilin yürüşü isə cəmi 12 396 kilometrdir.
Diablo SE30 Lamborghini-nin 30 illik yubileyi münasibətilə hazırlanıb. Adi Diablo VT-dən fərqli olaraq, model arxa ötürməli quruluşa malikdir və təxminən 180 kiloqram yüngülləşdirilib. Bunun üçün sükan gücləndiricisindən və kondisionerdən imtina edilib, pleksiqlas şüşələr, yarış oturacaqları və karbonplastikdən hazırlanmış kuzov elementləri tətbiq olunub.
Atmosfer tipli 5,7-litrlik V12 mühərriki təkmilləşdirilmiş yanacaq sistemi, maqneziumdan hazırlanmış giriş kollektorları və optimallaşdırılmış buraxılış sistemi sayəsində 525 at gücü hasil edir. Diablo SE30 100 km/saata təxminən 4 saniyəyə sürətlənir, onun maksimal sürəti isə 320 km/saatı keçir.
Hərraca çıxarılan avtomobilin şassi nömrəsi RLA12122-dir. Zavod sənədlərinə əsasən, istehsal edilmiş 150 avtomobildən yalnız 25-i sağ sükanlı olub, onların da cəmi doqquzu Böyük Britaniya bazarı üçün nəzərdə tutulub. Bu nümunə isə sağ sükanlı yeganə avtomobil kimi təqdim edilir.
1995-ci il iyunun 26-da tamamlanan superkar əvvəlcə Bruney kral ailəsi üçün sifariş edilib. Bianco Impacto adlı ağ kuzov rəngi mavi Alcantara salonla tamamlanır. Həmin ilin yayında Lamborghini GB vasitəsilə təhvil verilən avtomobil Bruneyə göndərilib.
2000-ci illərin əvvəlində onu yeni zelandiyalı sahibkar və avtoidman dəstəkçisi ser Kolin Giltrap əldə edib. 2002-ci ilin sentyabrında Yeni Zelandiyada qeydiyyata alınan avtomobil 2006-cı ilin martında indiki sahibinin kolleksiyasına daxil olub. Həmin vaxt onun yürüşü cəmi 2890 kilometr idi.
Sonrakı 20 il ərzində avtomobildən az istifadə edilib və ona Lamborghini Auckland tərəfindən müntəzəm texniki xidmət göstərilib. 2026-cı ilin martında mühərrik yağı, filtrlər və əyləc mayesi dəyişdirilib. Hazırda avtomobilin odometri 12 396 kilometr göstərir. Avtomobillə birlikdə orijinal sükan, əlavə Momo sükanı, qoruyucu örtük, mavi yarış kəmərləri və zavod sənədləri də təqdim olunur.
RM Sotheby’s bu nadir Lamborghini üçün 1,3 milyon funt sterlinq, təxminən 1,55 milyon avro qiymət müəyyənləşdirib. Avtomobil hazırda Böyük Britaniyada müvəqqəti gömrük rejimində saxlanılır. Buna görə də satışdan sonra yeni sahibi onu müvafiq ixrac sənədləri ilə ölkədən çıxarmalı və ya idxal rüsumları ilə vergiləri ödəyərək Böyük Britaniyada rəsmiləşdirməlidir.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









