Stellantis konserninin amerikan brendlərinin modelləri üçün firma aksessuarları və tüninq komponentləri istehsal edən Mopar bölməsinin mütəxəssisləri illik məhdud buraxılışlı avtomobili təqdim ediblər. 2024-cü ildə əsas olaraq Jeep Gladiator Rubicon pikapı götürülüb və o, detallar dəsti sayəsində ABŞ bazarı üçün 250 nüsxəlik tirajla buraxılacaq Mopar Jeep Gladiator modelinə çevrilib. Avtomobil xüsusi eksteryer və interyer dekoruna, həmçinin eksklüziv təchizata sahib olub.
Pikapın qara rəngə boyanmış kuzovunun kapotu, yan və arxa tərəfləri xüsusi qrafika, qırmızı aksentlər və Jeep Performance Parts loqotipləri ilə bəzədilib. Salon qara və qırmızı rənglərdə ziddiyyətli tikişlər və xüsusi versiyanın emblemləri ilə bəzədilib, mərkəzi konsolda isə, avtomobilin seriya nömrəsini göstərən xüsusi lövhə var.
Təkmilləşdirmələrə güc dəsti, ayaq dəstəkləri olan kandarlar, radiator barmaqlığının mühafizəsi, yük bölməsinin sərt qapağı və qoruyucu örtük daxildir. Salonda kandarların qoruyucu lövhələri və xüsusi Mopar döşəmə xalçaları peyda olub. Qara rəngli 17 düymlük alüminium təkər diskləri Falken yolsuzluq şinləri ilə təchiz ediliblər.
Texniki cəhətdən dəyişiklik yoxdur. Məhdud buraxılışlı pikap Jeep Gladiator üçün standart olan 285 at qüvvəli 3,6 litrlik Pentastar V6 benzin mühərriki ilə təchiz olunur. Məhdud buraxılışlı pikapın qiyməti avtomobilin dilerə çatdırılması xərclərini nəzərə almasaq, 70 295 dollar təşkil edəcək.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.