Bu gün Ford şirkəti Mustang Mach 1 modelinin satışlarına start verib. Ford Mustang Mach 1 versiyasını üç ölçülü radiator barmaqlığı, kapotdakı havalandırma kəsikləri, iti ön splitteri, yan ətəkləri və diffuzoru sayəsində tanımaq olar. Bundan əlavə, opsional olaraq, xüsusi dizaynlı təkər diskləri də təklif edilir.
Mach 1 modelinin dizaynı üzərində işləmiş Mark Kaski təkər disklərinin dizaynını yaradan zaman quş yuvalarından ilhamlandığını bildirib. O, fərqli uzunluqda və qalınlıqda olan Y formalı millərin çoxqatlı quruluşunu quş yuvası adlandırır. 3D effektli 19 düymlük alüminium disklərin standart disklərdən bir düym daha geniş olmasına baxmayaraq, bir kiloqram yüngüldür.
Quş yuvasından ilham alınaraq yaradılan təkər diskləri Mach 1 modelinin imtiyazı olaraq qalacaqdır - onlar qiyməti 3500 dollar olan Handling paketinin bir hissəsidir. Bu gün satışlarına başlanan Ford Mustang Mach 1 modelinin qiyməti 57,120 dollardır. Buna baxmayaraq, Kaski, bu disklərin çoxqatlı üçölçülü dizaynının Mustang xəttindəki digər disklər üçün əsas ola biləcəyini qeyd edib. Ford Mustang Mach 1 modeli üçün standart disklər klassik Magnum 500 üslubunda olan beşqollu təkər diskləridir.