Bu gün butalı köynəyi olan oğlanlar üçün əlamətdar bir gündür: onların pərəstiş obyektinə çevrilmiş Lada Niva modeli özünün 45 illik yubileyini qeyd edir. Düz 45 il bundan öncə, 5 aprel 1977-ci il tarixində Tolyattidəki zavodun konveyerdən ilk VAZ-2121 modeli çıxıb.
Ofrouderlərin seriya istehsalına isə, həmin ilin iyul ayında başlanılıb. Əvvəlcə gündə 12-14 avtomobil buraxılırdı və ofrouderin mininci nüsxəsi yalnız 31 avqust tarixində konveyeri tərk edib. Lakin sonra istehsal sürətləndirilib: on mininci Niva 2 mart 1978-ci il tarixində gün işıq üzü görüb.
Voljsk avtomobil zavodunda “Jiquli” modellərinə əsaslanan tam ötürməli ofrouderin yaradılmasına 1971-ci ildə, yəni zavodun özünün işə salınmasından dərhal sonra başlanılıb. İlk prototip 1972-ci ilin aprelində inşa edilib: dam olmayan sadə kuzov transmissiyanın sınaqları üçün nəzərdə tutulmuşdu.
Üçqapılı bütöv kuzovu olan prototiplər 1973-cü ilin yazında, avtomobilin final dizaynı və konstruksiyası isə, 1976-cı ilin əvvəlində hazır olub. Niva modeli Fiat şirkətinin köməyi olmadan sovet mühəndisləri tərəfindən hazırlanmış ilk seriya VAZ modeli olub.
Milyonuncu nüsxə 1993-cü ildə, iki milyonuncu isə 2013-cü ilin martında konveyerdən çıxıb və bu gün Niva modelinin tirajı 2,5 milyon nüsxəyə yaxınlaşır. Bunlardan təxminən 700 mini dünyanın 100-dən çox ölkəsinə ixrac edilib, tədarükün əsas hissəsi isə, SSRİ dövrünə düşüb: o zaman, Niva modelinin dünya bazarında demək olar ki, rəqibləri yox idi.
45 illik istehsal dövründə Niva modelinin konstruksiyası demək olar ki, dəyişməyib, lakin zaman keçdikcə onun mühərriki daha güclü, salonu isə daha rahat olub.
2021-ci ilin əvvəlindən bu model artıq Lada Niva Legend adı ilə satılır, onun modifikasiya çeşidində isə üç və beş qapılı versiyalar var. Hər iki versiya yaxşılaşdırılmış Urban təchizatında və Bronto ofroud modifikasiyasında təklif edilir.
Fürsətdən istifadə edərək, Niva modelinin yerli pərəstişkarlarını bu əlamətdar hadisə münasibəti ilə təbrik etmək istəyirik.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.