Bu il Buffalo (ABŞ, Nyu York ştatı) avtosalonunun təşkilatçıları sərginin ziyarətçilərini qeyri-adi üsulla salamlamaq qərarına gəliblər. Sərginin keçiriləcəyi “Buffalo Niaqara” konfrans mərkəzinin ərazisinə daxil olmazdan öncə, sərginin ziyarətçiləri və yaxınlıqdan keçən piyadalar qardan düzəldilmiş tam ölçülü Frod Bronco ofrouderini görə bilərlər. Amerikalı sənətkar Erik Conun sözlərinə görə, bu onun indiyə qədər üzərində çalışdığı ən çətin heykəldir.
Yerli WKBW telekanalına müsahibə verən Erik qardan hazırlanmış Bronco ofrouderini yaratmağa beş gün sərf etdiyini bildirib. Sənətkar real ölçüdə olan ofrouderi 3D formatında yaratmalı idi və bu, adətən canlı varlıqların təsviri üzərində işləyən sənətkarin profilinə uyğun gəlmirdi.
Bundan başqa, Con Bronco modelini bucaq altında yerləşdirmək qərarına gəlib – sanki avtomobil yoxuşdan binaya tərəf enir. Bunun üçün heykəlin yaradılmasından öncə, qar topalarından postament hazırlanıb.
Lakin qardan yaradılmış Bronco modeli yoldan keçənləri uzun müddət sevindirə bilməyəcək: 9 fevral tarixində Buffaloda bir neçə gün davam edəcək müsbət temperatur gözlənilir. İstənilən halda bu Conu o qədər də həyəcanlandırmır, çünki o müvəqqəti heykəllərdə xüsusi gözəllik və enerjinin olduğunu hesab edir.
Yeri gəlmişkən, əsl Ford Bronco modeli üçün qar yad ünsürə çevrilib. Avtomobilin ölkənin şimal rayonlarında yaşayan sahibləri, açıq havada qalan ofrouderin salonuna qarın dolmasından şikayət ediblər. Əksəriyyət bunun səbəbini çıxarılan damda görür, lakin əsl səbəbi müəyyən etmək üçün, istehsalçı bu hadisələri araşdırmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.