Bugatti Chiron modeli debütündən dörd il keçir. Onun sələfi Veyron modeli rodster kuzovu ilə təklif edilsə də, fransız markası bu günə qədər Chiron modelinin belə versiyası barədə söz açmayıb. Lakin, bu günlərdə Bugatti şirkətinin Chiron modelinin Grand Sport versiyasına sahib olacağı barədə xəbər peyda olub. Üstəlik, Chiron rodsterinin yeganə nüsxədə inşa ediləcəyi bildirilib.
Xatırladaq ki, Bugatti Veyron Grand Sport rodsteri kupenin təqdimatından cəmi bir il sonra, 2006-cı ildə təqdim edilmişdi.
"Supercar Blog" nəşrinin bildridiyinə görə, Bugatti Chiron modelinin rodster kuzovlu versiyasını buraxacaqdır - ancaq yeganə nüsxədə. Çıxarıla bilən dam örtüyü ilə təchiz edilmiş hiperkarın öz adını sahib olacağı və vergilər nəzərə alınmadan doqquz milyon avroya başa gələcəyi bildirilir.
Beləliklə, sirli Chiron rodsteri səkkiz milyon avro qiymətə malik olan və 20 nüsxəlik tirajla buraxılan Centodieci modelindən bahalı olacaqdır. Hazırda Bugatti şirkətinin ən bahalı müasir modeli 11 milyon avro qiymətə malik olan La Voiture Noire hiperkarıdır.
Rodster kuzovlu Chiron modeli barədə digər detallar açıqlanmayıb, ancaq istehsalçının çıxarıla bilən dam panelləri ilə məhdudlaşmayacağı da mümkündür. Böyük ehtimalla, Bugatti rodsterin dizaynında da dəyişikliklər edəcəkdir.
Xatırladaq ki, Bugatti Veyron Grand Sport və Veyron Grand Sport Vitesse rodsterləri 150 nüsxəlik tirajla buraxılmışdı.