Bugatti şirkəti ekstremal trek kupesinin - Bolide hiperkarının istehsalının başa çatdığını elan edib. Sonuncu, 40-cı əmtəə nüsxəsi artıq Molshaymdakı atelyeni tərk edib və sifarişçiyə təhvil verilib. Bununla da 2020-ci ildə elan edilmiş layihə başa çatıb.
Bugatti Chiron hiperkarından fərqli olaraq, trek yönümlü Bolide kupesi unikal karbon monokok üzərində yığılıb. Kokpitin arxasında firma 8.0-litrlik dörd turbokompressorlu W16 mühərriki quraşdırılıb. Güc aqreqatı 1600 at qüvvəsi (1176 kilovat) və 1600 Nm fırlanma anı hasil edir. O, gücləndirilmiş iki muftalı 7-pilləli robotlaşdırılmış transmissiya ilə birləşdirilib. Tam ötürmə sistemi trekdə maksimal məhsuldarlıq əldə etmək üçün tənzimlənib.
Ümumi yollara çıxış hüququndan imtina sayəsində mühəndislər çəkini əhəmiyyətli dərəcədə azalda biliblər: avtomobilin boş çəkisi cəmi 1450 kiloqramdır. Dinamik göstəricilər müvafiqdir: 0-dan 100 km/saata qədər sürətlənmə 2,2 saniyə çəkir, lakin Bolide hiperkarının 300 km/saat həddini toplaması daha təsiredici vaxta- cəmi 11,5 saniyəyə başa gəlir. Maksimal sürət 380 km/saata çatır, inkişaf etdirilmiş aerodinamik kuzov dəsti isə, maksimum sürətlə təxminən üç tona yaxın yerəsıxma qüvvəsi yaradır ki, bu da döngələrdə 2,5 g-yə qədər yan yüklənməni təmin edir.
Bugatti Bolide hiperkarının son nüsxəsi sifarişçinin kolleksiyasındakı tarixi Bugatti Type 35 modelinə istinad olan xüsusi tərtibatı alıb. Karbonplastikdən kuzov Black Blue və Special Blue Lyonnais rənglərinin kombinasiyasına boyanıb, “açıq” karbonun üstünlük təşkil etdiyi interyerdə isə, Lake Blue rəngli alkantaradan istifadə olunur.
4 milyon avroluq qiymətə baxmayaraq, 40 avtomobilin bütün tirajı satılıb. Hazırda Bugatti şirkətinin istehsal xəttində W16 mühərriki olan yalnız bir modeli qalıb: Mistral rodsteri. Xatırladaq ki, yeni Bugatti Tourbillon hiperkarı V16 hibrid aqreqatı ilə təchiz edilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









