Hyundai şirkətinin premium subbrendi olan Genesis bölməsi tanınmış dizayner Aleksandr Selipanovu öz cərgələrinə qatmışdır. “Saşa” kimi tanınan dizayner, Cənubi Koreya istehsalçısının Avropada yerləşən Global Genesis Advanced Studio dizayn bölümünə başçılıq edəcəkdir. Şirkətdən bildirildiyinə görə, Aleksandr Selipanov birbaşa Genesis markasının baş dizayneri Lyuk Donkervolkeyə tabe olacaqdır.
“Mən belə imkanı əldə etdiyim üçün çox sevinirəm. Bu mənin karyeramda yeni bir başlanğıcdır. Bu günə qədər mən yalnız məşhur brendlərlə işləmişəm. Genesis mənim üçün yeni bir çağırışdır, – deyən Selipanov davam etmişdir. – Dəbdəbəli avtomobil brendin yaranmasında iştirak etmək və onun tarixinin bir parçası olmaq böyük şərəfdir. Genesis ətrafında yaranmış gözləntiləri və marağı nəzərə alsaq, əldə etdiyim təcrüvə və bacarıqlardan istifadə etməyi səbirsizliklə gözləyirəm“.
Selipanov Almaniyadakı Volkswagen Design Center studaiyasında işə başlamazdan əvvəl Kaliforniyadakı Art College dizayn kollecini bakalavr dərəcəsi ilə bitirmişdi. "Saşa" alman konserninə daxil olan brendlərin avtomobillərinin dizaynı üzərində çalışmışdı. 2010-cu ildə o Lamborghini Huracan modelinin dizaynı üzərində işləyən komandaya daxil olaraq, superkarın eksteryerinin dizaynı üzərində çalışmışdır. 2014-cü idə Selipanov Bugattı Chiron layihəsində eksteryer üzərində çalışan komandaya başçılıq etmişdir.