Keçən yay baş tutmuş Monterey Car Week sərgisində Bugatti Rimac şirkətinin baş direktoru Mate Rimats kolleksiyaçı Menni Hoşbinə fransız markasının Chiron modelini əvəzləyəcək yeni hiperkar üzərində işlədiyini bildirmişdi. Lakin o zaman gənc top-menecer təfərrüatları açıqlamadan yeni hiperkarın 2024-cü ildə debüt edəcəyinə eyham vurmuşdu. İndi isə bəzi detallar ortaya çıxıb.

2021-ci ilin nəticələrinə və yeni birgə müəssisənin korporativ strukturuna həsr olunmuş videoçarxda Rimats digər məlumatlarla yanaşı, növbəti hiperkarın bu günə qədər seriya avtomobillərində təklif edilməyən opsiyalarla təəccübləndirəcəyini və daxili yanma mühərrikini qoruyacağını bildirib. Bununla belə, Rimats söhbətin modifikasiyadan asılı olaraq 1500 və ya 1600 at qüvvəsi hasil edən güclü W16 mühərrikindən getdiyini dəqiqləşdirməyib.

Dörd turbokompressorlu 8,0-litrlik aqreqatın hibrid qurğunun tərkib hissəsinə çevriləcəyi də istisna olunmur. Məsələn, Lamborghini şirkəti Aventador superkarının varisi üçün V12 mühərrikini saxlamaq üçün eyni üsula əl atıb.

Əvvəllər Rimats Bugatti markasının model cərgəsinin gözlənilməyən istiqamətdə inkişaf edəcəyinin mümkün olduğunu bildirmişdi. İkiyerli hiperkarlardan başqa, şirkət “tamamən ağlasığmaz” bir avtomobili, məsələn, uzun kapotu olan kupe və ya ofrouderi buraxa bilər. Bu hipotetik model də hibrid ola bilər. Bu onilliyin sonunda yalnız elektrik ötürməsi ilə hərəkətə gələn tamölçülü Bugatti elektromobili debüt etməlidir. Rimats bu elektrokarın Bugatti markasının öz məhsulu olacağını və Rimac Nevera modelinin surətinin olmayacağını bildirib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.