Hər kəsin bildiyi kimi, 2016-cı ilin martında baş tutacaq beynəlxalq Cenevrə avtomobil sərgisində Bugatti şirkəti özünün yeni şah əsərini - Chiron hiperkarını nümayiş etdirməlidir. Yeni avtomobil, keçən əsrin 20-ci 30-cu illərində fransız istehsalçısının avtomobillərində yarışmış məşhur fransız pilotu Lui Şironun adını daşıyacaqdır. Avtomobilin protopipləri artıq sınaqlarda iştirak edir və dəfələrlə fotocəsusların obyektivlərinə tuş gəlmişdir. Avtomobilin zahiri görünüşünə gəldikdə isə, bu artıq bizim üçün sirr deyil - Frankfurta göstərilmiş Bugatti Vision GT konsepti bunun örnəyidir.
Avtomobilin texniki göstəricilərinə gəldikdə isə, o, dörd turbokompressorlu, 8-litrlik W16 şəkilli benzin mühərriki və yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu daxil olan hibrid güc aqreqatı ilə təchiz ediləcəkdir. Güc aqreqatının verimi 1500 at qüvvəsi və 1500 Nm fırlanma anı olmalıdır. Pro Driver Magazine jurnalının bildirdiyinə görə hiperkarın maksimal sürəti 467 km/saat olacaqdır. Avtomobil birinci «yüzü» 2,2 saniyəyə toplayacaqdır.
Bugatti Chiron modelinin cəmi 500 ədəd tirajla istehsal olunacağı və hər bir avtomobilin dəyərinin 2 000 000 avro olacağı bildirilir. 2018-ci ildə avtomobilin «targa» adlanan açıq versiyasının buraxılacağı da ehtimal edilir.