“Cari xərclərini ödəyə bilmədiyiniz avtomobili almağa dəyməz”, - bu mantranı yeni avtomobil almaq arzusunda olan hər bir şəxs yadda saxlamalıdır. Məsələn, götürək qiyməti 3,6 milyon dollar olan Bugatti Chiron Pur Sport modelini.
Bu yaxınlarda belə bir hiperkarı almaq arzusunda olan Sinqapur sakini fransız markasının diler salonuna baş çəkərək, hiperkara göstəriləcək xidmətlərin qiymətini öyrənmək qərarına gəlib. Qeyd etmək gərəkdir ki, alınan nəticəyə yanacaq və sığorta üzrə ödənişlər, vergilər və digər xərclər daxil edilməyib.
Diler mərkəzindən qayıdan Məhəmməd Əl Qavi adlı şəxs əldə etdiyi məlumatı sosial şəbəkələrdə bölüşüb, lakin sonradan dərc etdiyi statusu silib. Çox güman ki, bu status yerli dilerin heç də xoşuna gəlməyib.
Beləliklə, il ərizndə Bugatti sahibi 100.000 dollar ilə sağollaşmalıdır. İlkin olaraq, hər 14 ay və ya 16 min kilometrdən sonra, hiperkarın yağını, soyuducu mayesini və filtrlərini dəyişmək gərəkdir. Bu xidmət sizə 24.952 dollara başa gələcəkdir. Üstəlik, hər 14 aydan bir təkər disklərini dəyişmək də tələb olunur ki, yeni şinləri nəzərə almasaq, disklər üçün 49.904 dollar ödəməli olacaqsınız.
Şinlərə gəldikdə. Chiron modeli üçün xüsusi olaraq hazırlanmış Pirelli Winter Sottozero 3, bütün mövsümlər üçün olan Michelin Pilot Sport Pax və ya Michelin Pilot Sport Cup 2 XL şinlərini almaq gərəkdir. Bir dəstin qiyməti isə, 7.984 dollar təşkil edir. Yox əgər siz ikinci yerdə olmaqla barışmırsınızsa, o zaman ən yaxşı seçimə - Michelin Pilot Sport Cup 2R TR şinlərinə nəzər salmalısınız. Belə dəstin qiyməti isə, nə az, nə çox 41.919 dollardır.
Bəs əyləclər? Ön əyləc disklərinin qiyməti 49.905 dollar, bu disklər üçün nəzərdə tutulmuş əyləc qəliblərinin qiyməti isə 8.982 dollar təşkil edir. Əyləc sisteminə xidmət (təmizlənmə və əyləc mayesi) 58.887 dollara başa gələcəkdir.
İdealda hər dörd ildən bir hava kanallarını, Garrett turbokompressorlarını və yanacaq çənini dəyişmək gərəkdir. Kanalları dəyişmək 21.958 dollara, turbokompressorları - 25.950 dollara, yanacaq çənini dəyişmək isə, 43.916 dollara başa gələcəkdir.
Başqa? İllərdən sonra üzərində çapıqlar peyda olan alın şüşəsini dəyişməyə 60.000 dollar, yeni şüşəsilənlər üçün isə 3.792 dollar tələb olunur. Bundan başqa, dörd ildən bir mühərrikin tənizmlənməsi üçün Bugatti 28.500 dollar alacaqdır.
Əslində, Bugatti hiperkarının sahiblərinin əksəriyyəti ondan istifadə etmir, çünki onların qarajında ən azı 15 dəbdəbəli avtomobil mövcuddur. Hiperkarı alanlar onu öz kolleksiyasına qatmaq məqsədini güdürlər. Əlbəttə ki, hərdən hiperkarı 5 dəqiqə sürərək el arasında demişkən “qurdlarını da öldürürlər”.
Qayıdaq yuxarıda qeyd etdiyimiz mantraya. Beləliklə Bugatti sahibləri üçün mantra əks istiqamətdə oxuna bilər: “Əgər siz Bugatti sahibisinizsə, demək sizin cari xərcləri ödəmək ilə probleminiz yoxdur”.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.