Artıq məlumdur ki, Bugatti şirkəti Chiron hiperkarının Sport indeksli versiyasını təqdim edib. Bu münasibətlə Parmigiani Fleurier saat manufakturası xüsusi qol saatını buraxıb.
Yeni qol saatı keçən il Bugatti Chiron hiperkarının buraxılmasına həsr edilən Bugatti Type 390 modelinin əsasında hazırlanıbdır. Saat unikal silindrik gedişə malik olan turbiyonun ətrafında yığılıbdır. Bu turbiyon dünyada mövcud olan mürəkkəb turbiyonlardan biridir. Saatın gövdəsi ağ qızıldan, kəməri isə qırmızı alkantaradan hazırlanıbdır. Qol saatının gövdəsində karbondan hazırlanmış işləmələr də mövcuddur.
Bugatti Chiron Sport modelinin konstruksiyasında karbondan geniş istifadə edilibdir. Bunlara misal olaraq köndələn dayanıqlılıq stabilizatorunu və interkulerin müdafiə qapağını göstərmək olar. Alüminiumdan ucluqları və karbondan qolları olan şüşəsilənlər adi şüşəsiləndən 1,4 kiloqram yüngüldür. Qeyd edək ki, karbondan şüşəsilən ilk dəfədir ki, seriya avtomobilinə quraşdırılır.
Hiperkar yüngülləşdirilmiş təkər diskləri, başqa arxa şüşə və səsboğucu sistemin deflektroları ilə təchiz edilib. Bunların nəticəsində Sport variantı adi Chiron hiperkarında 18 kiloqram yüngüldür (1977 kiloqram). Chiron Sport modelinin standart təchizatına amortizatorların və sükan sisteminin yeni işləmə alqoritmləri olan Dynamic Handling Package daxildir. Yeni amortizatorlar əvvəlkindən 10% sərtdirlər.
Bundan başqa, hiperkar təkmilləşdirilmiş arxa differensiala və fırlanma anını təkərlər arasında bölən dinamik paylama sisteminə sahib olub.
Avtomobilə edilən dəyişiklər onu Nardo trekində beş saniyə yeyin edibdir. Hiparkarın güc xarakteristikaları dəyişilməz qalıb. Bugatti Chiron hiperkarı tam ötürməli çəkiş sistemi, 1500 at qüvvəli səkkiz litrlik W16 turbomühərriki və yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Chiron 100 km/saat sürətini 2,5 saniyəyə toplayır. 200 km/saat sürətini hiperkar 6,5 saniyəyə, 300 km/saat sürətini isə 13,6 saniyəyə toplayır.
Bugatti Chiron modelinin maksimal sürəti 420 km/saat təşkil edir ki, bu sürəti yığmaq üçün isə xüsusi açara ehtiyac vardır.