Məşhur Mobile.de saytında Bugatti Chiron Super Sport 300+ hiperkarına olan istehsalat slotunun satıldığı barədə elan dərc edilib. 30 nüsxəlik tirajla istehsal ediləcək hiperkarlardan birini əldə etmək üçün 4.680.000 avro ödəmək təklif olunur.
Çox güman ki, rekord hiperkarının bütün nüsxələri artıq satılıb. Növbədə yer almaq üçün istehsalat slotunu ilkin sahibindən almaq lazımdır. Qeyd etmək lazımdır ki, slotun qiyməti hiperkarın başlanğıc qiymətindən bir milyon avro bahadır.
Xatırladaq ki, Chiron Super Sport 300+ modelinin qiyməti 3,5 milyon avro təşkil edir. Seriya hiperkarı rekord avtomobilinin 1600 at qüvvəli 8,0-litrlik W16 mühərrikini, maqnuzium ərintisindən hazırlanmış disklərini və xüsusi olaraq maksimal sürətin əldə edilməsi üçün hesablanmış aerodinamikanı qoruyub-saxlayıbdır. Məlum olduğu kimi, rekord hiperkarı uzadılmış arxa hissəyə, başqa səsboğucu sistemə, təkmilləşdirilmiş ön bamperə, iri diffuzora və mühərrik bölümünün modernləşdirilmiş soyutma sisteminə sahib olub.
Bundan başqa, ilkin məlumatlara görə, hiperkarın standart təchizatına təhlükəsizlik karkası və yeganə sürücü oturacağı daxil edilmişdir. Sifarişçinin arzusu ilə, Bugatti karkası çıxararaq əlavə oturacağı quraşdıra bilər. Müştəri kuzovun rəng sxemini də seçə bilər.