Məlumdur ki, mühərrik, transmissiya, asqı və əyləclərlə yanaşı, şinlər də avtomobilin ən əhəmiyyətli detallarındandır. Təkərlər avtomobilin xarakterinə birbaşa təsir etmək imkanına malikdirlər. Bu səbəbədən də, premium avtomobil istehsalçıları öz yüksək məhsuldarlıqlı avtomobilləri üçün şin seçimində heç bir xərcdən çəkinmirlər.
Məsələn, Bugatti Veyron modeli satışa çıxan zaman, onun üçün nəzərdə tutulmuş şin dəsti dilerlər tərəfindən 42 min dollara satılırdı.Chiron modeli üçün nəzərdə tutulmuş şinlər bir qədər ucuz olsalar da, onlar ciddi mühəndis araşdırmasının məhsuludurlar. Məlum məsələdir ki, hiperkarın Super Sport 300+ “rekord” versiyası xüsusi olaraq onun üçün hazırlanmış şinlərə sahib olub.
WhichCar nəşrinə müsahibə verən Bugatti markasının baş mühəndisi Ştefan Ellrott, rekord yürüşlərinə hazırlıq zamanı Michelin mühəndislərinin Chiron modeli üçün nəzərdə tutulan standart şinləri təkmilləşdirdiklərini söyləyib. Təkərlərin 500 km/saat üzərindəki sürətlərə dözməsi üçün onları karbon lifləri ilə gücləndiriblər. Şinləri hiperkara quraşdırmazdan əvvəl, onları ABŞ-dakı aviasiya şinlərinin sınaq poliqonunda test ediblər. Şinlər, struktur bütövlüyündə itkilər olmadan bütün yüklənmələrə davam gətiriblər.