Bugatti ötən yay özünün Programme Solitaire adlanan fərdiləşdirmə bölməsini yaradıb. Yeni bölmənin ilk layihəsi W16 Mistral rodsterinə əsaslanan yeganə nüsxədə inşa edilmiş Brouillard kupesi olub. Bu bölmənin ikinci sənət əsəri isə, Veyron hiperkarı və onun yaradıcısı Ferdinand Piyexdən ilhamlanan unikal Bugatti F.K.P. Hommage hiperkarıdır.
F.K.P. hərfləri müasir Volkswagen konserninin yaradılmasında böyük rol oynamış Ferdinand Karl Piyexin inisialıdır: avtomobil ona həsr olunub. Piyex 1998-ci ildə fransız şirkətinin alman konserninin tərkibinə daxil edilməsinin təşəbbüskarlarından biri idi və Veyron hiperkarının yaradılması onun fikirlərinin təcəssümü olub.
Yeni avtomobilin zahiri cəhətdən Veyron modelinə bənzəməsinə baxmayaraq, onun demək olar ki, bütün kuzov panelləri orijinaldır, çünki Bugatti F.K.P. Hommage hiperkarının əsasını Mistral rodsteri təşkil edir. İstehsalçının sözlərinə görə, Frənk Heylin rəhbərlik etdiyi dizaynerlər komandası Bugatti Veyron modelinin bu gün mövcud olan texnologiyalardan istifadə olunaraq buraxılması halında necə görünəcəyini təsəvvür etməyə çalışıblar.
F.K.P. Hommage hiperkarı böyük hava dəlikləri və enli LED işıqlandırmaya malikdir. O, orijinaldan daha dərin və relyefli olan müasir radiator barmaqlığını alıb. Böyük təkər diskləri (ön tərəfdə 20, arxada isə, 21 düymlük) öz dizaynını orijinal Veyron hiperkarının disklərindən götürüblər. Buraxılış sisteminin arxa tərəfin mərkəzində quraşdırılmış çıxış borusu genişləndirilib. İkirəngli boyama sxemi həmçinin Veyron modelindən götürülüb, lakin müasir boyama üsulları sayəsində örtük daha dərin və dolğun görünür.
İnteryer ümumiyyətlə Veyron modelinin salon quruluşunu təkrarlayər, lakin tamamilə orijinaldır. Bəzi komponentlər müasir Chiron və Mistral modellərindən götürülüb, digərləri isə, xüsusi olaraq F.K.P. Hommage layihəsi üçün yaradılıb. Ensiz mərkəzi konsolda Audemars Piguet Royal Oak Tourbillon saatı ilə bəzədilmiş şaquli yumru tənzimləyicilər var. Cihazlar paneli fərdiləşdirilən displeyə malik olsa da, mərkəzdə böyük spidometr yerləşib. Üçqollu sükan çarxında metal düymələr və pillələrin dəyişdirilməsinə cavabdeh olan böyüdülmüş ləçəkləri var. Nəhayət, interyerdə dəri və əl ilə hazırlanmış parça ilə üzlənmiş yeni oturacaqlar və qapı panelləri var.
Tam ötürməli, orta mühərrikli Veyron modelin 8,0-litrlik dörd turbokompressorlu W16 benzin mühərriki ilə təchiz olunurdu. Güc aqreqatı ilk modellərdə 1001 at qüvvəsi, sonrakı modellərdə isə, 1200 at qüvvəsi hasil edirdi. Bu mühərrikin təkmilləşdirilmiş versiyası Chiron hiperkarında quraşdırılırdı və fransız markasının bu mühərrikini alan son modeli məhdud sayda buraxılmış Bolide trek hiperkarı olub.
F.K.P. Hommage modelində Chiron Super Sport hiperkarından götürülmüş 1600 at qüvvəli W16 mühərriki quraşdırılır. Dinamik göstəricilər hələlik açıqlanmayıb, ənənəvi olaraq maksimal sürətin 400 km/saatı keçdiyi bildirilir. 1200 at qüvvəli orijinal Bugatti Veyron hiperkarının sonrakı versiyaları 100 km/saat həddini 2,5 saniyəyə toplayır və 431 km/saat həddinə qədər sürətlənirdilər. Eksklüziv avtomobil sifarişlə istehsal olunub və əlbəttə ki, onun qiyməti açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









